Milli Kitabxanada soyqırımı qurbanlarından bəhs edən kitablar sərgilənib
Bakı, 31 mart, Flora Şükürova, AZƏRTAC
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında 31mart - Azərbaycanlıların Soyqırımı Günü münasibətilə kitab sərgisi açılıb. Sərgi çərçivəsində Dürdanə Ağayevanın “Erməni zindanında səkkiz gün” adlı kitabının təqdimatı da keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri kitabxananın direktoru, professor Kərim Tahirov açaraq 1918-ci ildə Bakı şəhərində və müxtəlif bölgələrdə daşnak erməni silahlı quldur dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından danışıb, rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirildiyini bildirib.
Diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanında ilk dəfə rəsmi surətdə bu hadisələrə siyasi qiymət verilib və azərbaycanlıların ermənilər tərəfindən soyqırımına məruz qalması bəyan edilib.
O, son 200 ildə azərbaycanlılara qarşı məqsədli şəkildə həyata keçirilən soyqırımı cinayətlərinin xronologiyası ilə bağlı geniş məlumat verib. Bildirib ki, XIX əsrin 90-cı illərində, 1905-1907, 1915-1920-ci illərdə Gəncədə, Qubada, Lənkəranda, Şamaxıda, Naxçıvanda, Bakıda, Kürdəmirdə azərbaycanlılara, yəhudilərə, ləzgilərə, kürdlərə və digər yerli əhaliyə qarşı erməni terrorçuları tərəfindən kütləvi qırğınlar həyata keçirilib. O illərdən uzun bir müddət keçməsinə baxmayaraq, tarixçilərimiz, arxeoloqlarımız kütləvi insan qırğınlarının canlı şahidinə çevrilən onlarla məzarlıqlar aşkar ediblər. Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlər nəticəsində Qubada, Şamaxıda, Gəncədə və bir sıra başqa regionlarda memorial kompleksləri yaradılıb, çoxlu əsərlər, məqalələr yazılıb, abidələr qoyulub.
Daha sonra “Erməni zindanında səkkiz gün” kitabının müəllifi Dürdanə Ağayeva əsirlikdə keçirdiyi iztirablı günlərdən danışıb və kitabın yazılma səbəblərindən söz açıb.
Sonda tədbir iştirakçıları 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı təşkil edilmiş kitab və dövri mətbuat materiallarından ibarət sərgi ilə tanış olublar.