MİLLİ MƏCLİS BƏZİ QANUNLARA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov AZƏRTAC-ın müxbirinə demişdir ki, “Büdcə sistemi haqqında” Qanunun tətbiqi ilə əlaqədar “Hərbi qulluqçuların pensiya təminatı haqqında”, “Təhsil qanunu”, “Veteranlar haqqında”, “İnvestisiya fəaliyyəti haqqında”, “Bələdiyyələrin statusu haqqında” və daha bir neçə qanuna əlavələr və dəyişikliklər edilməsi təklif olunmuşdur. Geniş müzakirələrdən sonra deputatlar layihəni təsdiq etmişlər.
Sonra “Ovçuluq haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olunmuşdur.
Layihə ilə bağlı aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov məlumat vermişdir. O demişdir ki, layihə birinci oxunuşda müzakirə olunarkən deputatlar tərəfindən bir sıra irad və təkliflər səslənmişdir. İşçi qrupu onların böyük əksəriyyətini nəzərə almışdır.
Layihə fəsillərlə müzakirə edilərkən deputatlar sahibkarlara ovçuluq təsərrüfatlarının yaradılması və bu sahəyə sərmayə qoyuluşuna icazə verilməsinin də layihədə nəzərdə tutulması təklifi ilə çıxış etmişlər.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə ov heyvanlarını və quşlarını artırmaq üçün ovçuluq təsərrüfatlarına imtiyazların verilməsini, eləcə də kənd təsərrüfatında tətbiq olunan vergi güzəştlərinin bu sahəyə də şamil olunmasının vacibliyini qeyd etmişdir.
Layihə ikinci oxunuşda qəbul olunmuşdur.