MİLLİ MƏCLİS BİR NEÇƏ SAZİŞİ TƏSDİQ ETDİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iclasda deputatlar Milli Məclisin deputatı, BDU-nun tarix fakültəsinin dekanı Yaqub Mahmudovu MEA-nın A.Bakıxanov adına Tarix İnstitutuna direktor təyin olunması münasibətilə təbrik etmişlər.
Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixail Saakaşvilinin Birgə Kommunikesini, Azərbaycan Respublikası və Pakistan İslam Respublikasının, Azərbaycan Respublikası və Ukraynanın birgə bəyannamələrini, eləcə də, Azərbaycan və Pakistan, Gürcüstan, Ukrayna və Litva hökumətləri arasında turizm, gömrük işi sahəsində, beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, neft-qaz maşınqayırması, neft sahəsində əməkdaşlığın əsas prinsipləri, gəlirlərə və əmlaka görə vergilərlə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Saziş layihələri müzakirə olunmuşdur.
Müzakirələr zamanı deputatlar qeyd etmişlər ki, bu sənədlər Azərbaycanın regiondakı nüfuzunun artmasına, beynəlxalq əməkdaşlığının güclənməsinə səbəb olacaq və ölkəmizin milli maraqlarına tam cavab verir. Sonda sazişlərin hamısı səs çoxluğu ilə təsdiq olunmuşdur.
Fasilədən sonra işini davam etdirən iclasda əvvəlcə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” layihə müzakirə edilmişdir. Deputatlar layihəyə təklif olunan dəyişikliklərə münasibət bildirmişlər. Çıxışlarda inzibati vəzifələrin təsnifatı, dövlət orqanlarında işə ekspert kimi cəlb olunmuş şəxslərin əmək haqqının məbləği məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Qanun layihəsi irad və təkliflər nəzərə alınmaqla qəbul edilmişdir.
“Yanğından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına əlavə və dəyişiklik edilməsi barədə”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında” qanun layihələri yekdilliklə qəbul edilmişdir.
Sonra “Yetkinlik yaşına çatmayanların hüquq pozuntularının qarşısının alınması haqqında” qanunun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılmışdır. Qeyd edilmişdir ki, növbəti müzakirələrə pedaqoqlar, xüsusi təlim-tərbiyə müəssisələrinin nümayəndələri də dəvət olunsunlar.
NATO-nun Bakıda keçiriləcək təlimində iştirak edəcək Ermənistan silahlı qüvvələri zabitlərinin səfəri ilə əlaqədar Milli Məclis adından Şimali Atlantika blokunun baş katibinə müraciət qəbul edilmişdir. (Müraciət qəzetin bu nömrəsində dərc olunub).