MİLLİ MƏCLİS “MƏLUMAT BAZALARININ HÜQUQİ QORUNMASIHAQQINDA” QANUN LAYİHƏSİNİ ÜÇÜNCÜ OXUNUŞDA QƏBUL ETMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, gündəlikdəki məsələlərin müzakirəsinə başlamazdan əvvəl deputatlar Milli Məclisin üzvü Elton Məmmədovu Rusiya Federasiyasının Tomsk şəhərinin fəxri vətəndaşı seçilməsi münasibəti ilə təbrik etmişlər. Sonra deputatlar dahi Azərbaycan şairi Hüseyn Cavidin qızı Turan xanımın xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Milli Məclisin deputatı Asəf Hacıyev bu il tələbə qəbulu zamanı imtahan nəticələri ləğv olunmuş tələbələrin bəzilərinin şərti olaraq dərslərə buraxılması barədə məsələ qaldırmışdır. Parlamentin sədri Murtuz Ələsgərov demişdir ki, həmin məsələ ilə əlaqədar xüsusi komissiya işləyir və artıq qanunu pozmuş bəzi şəxslər haqqında cinayət işi qaldırılmışdır. Komissiya həmin tələbələrin imtahan nəticələrinin doğruluğunu sübut etsə, onlar dərslərə buraxılacaqlar.
Sonra elm və təhsil məsələləri daimi komissiyasının sədri Şahlar Əsgərov “Məlumat bazalarının hüquqi qorunması haqqında” qanun layihəsi ilə bağlı məlumat vermişdir. O demişdir ki, qanun layihəsinin parlamentdə ikinci oxunuş müzakirəsi zamanı irəli sürülmüş rəy və təkliflərin bir çoxu nəzərə alınmışdır. Layihənin 4-cü maddəsinə 4.5-ci və 4.5.1-ci bəndlər əlavə olunmuşdur. Bu əlavələrdə məlumat toplusunun uyğunlaşdırılmasının aparılması, müəlliflik hüququ ilə qorunan məlumat toplularından istifadə qaydaları və digər prinsiplər nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuş müzakirələrdən sonra qəbul olunmuşdur.
Sonra “İxrac nəzarəti haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılmışdır. İqtisadi siyasət daimi komissiyasının sədri Səttar Səfərov demişdir ki, bu qanun dövlət tərəfindən ixrac nəzarətinin həyata keçirilməsinin hüquqi əsaslarını və ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli mülkiyyət hüquqlarının) Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilməsi qaydalarını müəyyən edir.
Bu qanun qəbul edildikdən sonra idxal və ixrac olunan bütün mallara nəzarəti, bununla da terrorizmə qarşı mübarizəni gücləndirmək mümkün olacaqdır.
Müzakirələr zamanı qeyd olunmuşdur ki, ixrac və idxala nəzarət təkcə bu qanunla həyata keçirilə bilməz. Odur ki, bir sıra digər normativ hüquqi aktlar da qəbul olunmalıdır.
Sonda qanun layihəsi ikinci oxunuşda qəbul olunmuşdur.