MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Parlamentin sədri bildirmişdir ki, Azərbaycan müstəqil dövlət kimi ATƏT-ə üzv olduqdan sonra bu qurumla əməkdaşlıq edir. Bu əməkdaşlıq geniş və əhatəlidir.
Murtuz Ələsgərov bu yaxınlarda ATƏT-də sədrliyin Sloveniyadan Belçika Krallığına keçdikdən sonra bu təşkilatın Avropa ilə bağlı problemlərin həllində mühüm rol oynayacağına əmin olduğunu vurğulamışdır. O, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ problemi ilə məşğul olduğunu xatırladaraq, təəssüflə bildirmişdir ki, ötən13 ildə bu sahədə mühüm irəliləyiş əldə olunmamışdır. BMT, Avropa Şurası Qarabağ məsələsinə dair mühüm qətnamələr qəbul etdiyi halda, ATƏT problemin həllinə dair hələ heç bir vacib sənəd qəbul etməmişdir. “Biz istərdik ki, ATƏT də bu məsələyə öz münasibətini bildirsin. Əminəm ki, Belçikanın ATƏT-də sədrliyi uğurlu olacaq, o, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllində səyini əsirgəməyəcəkdir”.
Murtuz Ələsgərov Azərbaycanın demokratiya yolunda atdığı addımlar, bu yaxınlarda başa çatmış parlament seçkiləri, mühüm siyasi kampaniyanın normal keçirilməsi üçün ölkə Prezidentinin imzaladığı müvafiq Sərəncamlar, seçkilərdə yol verilmiş pozuntuların aradan qaldırılması istiqamətində görülən işlər haqqında da məlumat vermişdir. O, seçkilərin nəticələrinin diqqətlə araşdırıldığını bildirmiş və arzu etmişdir ki, ATƏT, onun Bakı ofisi prosesə ədalətli qiymət versin.
Pyer Şevalye səmimi qəbula və ətraflı məlumata görə təşəkkür etmiş, qaldırılan məsələlərə münasibətini bildirmişdir. O, xüsusi vurğulamışdır ki, Azərbaycan kimi çətin vəziyyətdə olan bir ölkədə reallıqla hesablaşmalıyıq. Seçkilərin demokratik keçirilməsi istiqamətində çox iş görülmüş, xüsusilə ölkə Prezidenti tərəfindən müsbət addımlar atılmışdır. Bilirik ki, seçkilərdə yol verilmiş pozuntuların aradan qaldırılması üçün tədbirlər görülür. Demokratik prosesləri bundan sonra da davam etdirmək lazımdır.
Belçikalı qonaq Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar da mülahizələrini bölüşmüşdür.