MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Milli Məclis sədrinin müavini demişdir ki, hazırda Cənubi Qafqaz regionunda gedən proseslər dünyanın diqqət mərkəzindədir. Azərbaycan regionda qüdrətli dövlətə çevrilir, iri layihələrin həyata keçirilməsində bilavasitə iştirak edir. Ölkəmiz təcavüzə məruz qalsa da, dünyada təhlükəsizliyin təmin olunmasında və enerji problemlərinin həllində öndədir. ATƏT-in bu məsələlərdə fəaliyyətini artırmasını yüksək qiymətləndiririk. Biz demokratiyanın inkişafı, insan hüquq və azadlıqlarının qorunması sahəsində ATƏT-in norma və prinsiplərinə xüsusi diqqət yetiririk. Bilirik ki, İspaniya gələn ildən ATƏT-ə sədrlik edəcək və əlaqələrimiz bundan sonra da inkişaf edəcək, daha da möhkəmlənəcəkdir.
Sonra Bahar Muradova Azərbaycan parlament nümayəndə heyətinin ATƏT-in Parlament Assambleyasındakı rolu, ölkəmizdə həyata keçirilən hüquqi, iqtisadi islahatlar və digər məsələlər barəsində qonaqlara ətraflı məlumat vermişdir.
İspaniyanın ATƏT-dəki səfiri Sançes de Boado demişdir ki, Azərbaycana bu səfər ATƏT-in faktaraşdırıcı missiyası çərçivəsində həyata keçirilir. Doğrudur ki, İspaniya 2007-ci ildən ATƏT-ə sədrlik edəcəkdir. Biz Milli Məclis deputatlarının ATƏT PA-dakı fəaliyyətini yüksək qiymətləndiririk. Səfərdən məqsəd də Azərbaycanla əlaqələrin inkişafına dair, eləcə də bəzi digər məsələlər ətrafında fikir mübadiləsi aparmaq, azərbaycanlı həmkarlarımızın rəy və təkliflərini öyrənməkdir.
Sonra görüşdə ötən ilin noyabrında və bu ilin mayında Milli Məclisə keçirilmiş seçkilər, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, ATƏT-in Bakı ofisinin rəhbəri Maurisio Pavesi və digər şəxslər görüşdə iştirak etmişlər.