MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, sentyabrın 1-də Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyası sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lennmarkerlə görüşmüşdür.
Milli Məclisin sədri bildirmişdir ki, müstəqil Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən ATƏT-lə əməkdaşlığın inkişafına böyük önəm verir. Avropa strukturlarına inteqrasiya Azərbaycanın xarici siyasətində üstün yer tutur. Hazırda inkişaf edən Azərbaycan Avropa dəyərlərindən bəhrələnməklə yanaşı, vahid Avropa ailəsinə öz töhfəsini də verməkdədir.
Etnik separatizmdən, regional münaqişələrdən bəhs edən Oqtay Əsədov cənab Qoran Lennmarkerin Dağlıq Qarabağ münaqişəsi üzrə ATƏT tərəfdən məruzəçi təyin edilməsini yüksək dəyərləndirmiş və problemin həlli ilə məşğul olan Minsk qrupunun səylərinin daha da artırılmasının vacibliyini vurğulamışdır. O demişdir ki, bəzi hallarda separatizmin dəstəklənməsi, bu sahədə ardıcıl siyasətin yeridilməməsi ikili standartlara yol açır və öz növbəsində ölkələrin ərazi bütövlüyü prinsipinin pozulmasına səbəb olur. Etnik münaqişələrə, separatizmə vaxtında və obyektiv qiymət verilməli, beynəlxalq hüququn prinsipləri gözlənilməlidir. Çox təəssüf ki, bugünkü reallıq başqa bir mənzərəni əks etdirir. Bütün bunlara baxmayaraq Azərbaycan regional münaqişələrin, o cümlədən Dağlıq Qarabağ probleminin sülh yolu ilə, ölkələrin ərazi bütövlüyü prinsipi qorunmaq şərti ilə həllinə tərəfdardır. Biz Cənubi Qafqazda son dövrdə baş vermiş hadisələrdən təəssüfləndiyimizi bildirir, öz mövqeyimizi bir daha təsdiqləyirik.
Qoran Lennmarker yenidən Azərbaycanda olmasından məmnunluğunu ifadə etmiş, səfəri çərçivəsində keçirdiyi görüşlərin əhəmiyyətini vurğulamışdır. Qonaq Azərbaycanın iqtisadi inkişafını yüksək dəyərləndirmiş, Bakının simasında gördüyü dəyişikliyi ölkədəki tərəqqinin bariz nümunəsi kimi səciyyələndirmişdir.
Görüşdə Cənubi Qafqazdakı ictimai-siyasi vəziyyət, regional münaqişələrin həlli yolları və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.