MİLLİ MƏCLİSDƏ QƏBUL
İyunun 20-də Milli Məclisin sədri Murtuz Ələsgərov Beynəlxalq Qizıl Xaç Komitəsinin/BQXK/ Azərbaycandakı keçmiş nümayəndəsi xanım Fridrun Mederi və bu təşkilatın yeni təyin olunmuş nümayəndəsi Floran Kornazı qəbul etmişdir.
Yeni nümayəndəni səmimiyyətlə salamlayan Murtuz Ələsgərov səmərəli fəaliyyətinə və ölkəmizin ictimai həyatında yaxından iştirakına görə xanım Mederə təşəkkürünü bildirdi.
Milli Məclisin sədri BQXK-nın Azərbaycanda fəaliyyətindən söhbət açaraq, girovların və itkin düşmüş vətəndaşların axtarılması və qaytarılması sahəsində onun gördüyü işi ayrıca vurğuladı. O xatırlatdı ki, cari ilin mart-aprelində BMT-nin İnsan Hüquqları Komissiyasının Cenevrədə keçirilmiş sessiyasında “Azərbaycan tərəfindən itkin düşmüş şəxslər haqqında” adlı qətnamə qəbul edilmişdir. Bundan əlavə, 2000-ci il iyunun 1-də Azərbaycan hökuməti ilə BQXK arasında saziş imzalanmışdır. Sənəddə cəzaçəkmə yerlərində şəraitin yaxşılaşdırılması nəzərdə tutulurdu. BQXK-nın Azərbaycan nümayəndəliyi həmin sazişin müddəalarının yerinə yetirilməsi üçün də böyük iş görmüşdür. Bu təşkilatın nümayəndələri Azərbaycanın Qızıl Aypara Cəmiyyəti, müxtəlif nazirlik və idarələri ilə sıx əlaqədə fəaliyyət göstərərək, 2002-ci ildə mina təhlükəsinin aradan qaldırılması və əlillər üçün protez istehsalı sahəsində tədbirlər həyata keçirmişlər.
Murtuz Ələsgərov məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması, qaçqın-köçkün uşaqları arasında vaxtında vaksinasiya keçirilməsi və onların dava-dərmanla təmin olunması üçün BQXK-nın Azərbaycan nümayəndəliyi ilə Qızıl Aypara Cəmiyyəti arasında əməkdaşlığı daha da genişləndirməyin zəruriliyini vurğuladı.
Xanım Fridrun Meder və Floran Kornaz Beynəlxalq Qızıl Xaç Komitəsinin ünvanına dediyi xoş sözlərə görə təşəkkür edərək dedilər ki, BQXK Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığı bundan sonra da davam etdirəcəkdir. Onlar Azərbaycan parlamenti ilə sıx əlaqələrdən də məmnunluqla danışaraq, əmin oldurlarını bildirdilər ki, Milli Məclis ilə birgə seminar və konfranslar keçirilməsi praktikası unudulmayacaqdır. Xanım Meder Milli Məclisdə Qızıl Aypara Cəmiyətinin statusunu müəyyənləşdirən qanun qəbul olunmasını da xahiş etdi.