MİLLİ MƏCLİSDƏ QƏBUL
Noyabrın 15-də Milli Məclisin sədri Murtuz Ələsgərov Türkiyə Konstitusiya Məhkəməsi sədrinin müavini Haşim Kılıcın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Murtuz Ələsgərov qonaqları səmimiyyətlə salamlayaraq dedi ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə, o cümlədən məhkəmə və qanunvericilik sahələrində münasibətlər dinamik inkişaf edir. İndiki nümayəndə heyətinin səfəri konstitusiya məhkəmələri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə təkan verəcəkdir.
Parlamentin sədri ölkələrimizin qardaşlıq münasibətlərindən danışaraq, xüsusi vurğuladı kı, Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyəyə dəfələrlə səfəri, qardaş ölkənin rəhbərləri ilə görüşləri və imzaladığı sənədlər qarşılıqlı surətdə faydalı əlaqələrin hüquqi əsasını qoymuşdur. Türkiyə Prezidenti Əhməd Necdət Sezər də ölkəmizdə rəsmi səfərdə olmuş, bu səfər zamanı Milli Məclisdə çıxış etmişdir.
Murtuz Ələsgərov bildirdi ki, avqustun 24-də keçirilmiş referendumun yekunlarına əsasən, Azərbaycanın Əsas Qanununa dəyişikliklər və əlavələr edilmişdir. O, bu dəyişikliklər sırasında vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququnu və ombudsman təsisatının yaradılmasını xüsusi nəzərə çarpdırdı.
Parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixindən və ağır nəticələrindən də danışdı, o, problemin həlli məsələsində ölkəmizin ədalətli mövqeyini daim dəstəklədiyinə görə qardaş Türkiyəyə minnətdarlığını bildirdi.
Nümayəndə heyətinin başçısı Haşim Kılıc Türkiyə Konstitusiya Məhkəməsi sədrinin salamını yetirdi və Azərbaycan Konstitusiya Məhkəməsi, Qafqaz Universiteti tərəfindən təşkil olunmuş beynəlxalq seminarda iştirakları barədə məlumat verdi. Qonaq Azərbaycanda keçirilmiş referendumun yekunlarını və ölkəmizin Əsas Qanununa edilmiş dəyişiklikləri yüksək dəyərləndirdi. Haşim Kılıc dedi: “Azərbaycan Konstitusiyası bir sıra müddəalarına görə Türkiyə Konstitusiyasından daha mütərəqqidir”.
Qəbulda Azərbaycan Konstitusiya Məhkəməsinin sədri Xanlar Hacıyev iştirak edirdi.