Milli Məclisin deputatı: Müsəlman xanımlar öz hüquqları uğrunda fəal mübarizə aparır VİDEO
Bakı, 26 may, AZƏRTAC
Qadınlar, xüsusilə hicab geyinən xanımlar, hansı dinə mənsub olduqlarını gizlədə bilmirlər. Baş örtüyü bir simvoldur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Gülşən Paşayeva mayın 26-da Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Qadınlar, kimlik və stereotiplər: Din və mədəni önyarğıların kəsişməsində naviqasiya” adlı panel sessiyada çıxışı zamanı səsləndirib.
Deputat bildirib ki, islamofobiya fonunda Qərb cəmiyyətlərində baş örtüyünə qorxuducu bir element kimi baxılması geniş yayılmış yanlış təsəvvürdür. Elə bir mif formalaşıb ki, guya bütün müsəlman qadınlar səssizdir. Halbuki müsəlman xanımlar öz hüquqları uğrunda fəal mübarizə aparır və cəmiyyətin inkişafına mühüm töhfələr verirlər.
Gülşən Paşayeva vurğulayıb ki, siyasi gündəlik getdikcə daha da mürəkkəbləşir, media isə müsəlman qadınlarla bağlı mənfi stereotiplər formalaşdırır. Nəticədə, bu xanımlar müxtəlif formalarda ayrı-seçkiliyə məruz qalırlar – istər iş yerlərində, istərsə də təhsil müəssisələrində. Onlar karyeralarında bu çətinliklərlə üz-üzə qalır, geyimlərinə görə qınanırlar və bu hallar onların sosial təcridinə səbəb olur. Bəzən özlərini cəmiyyətə aid hiss etmədiklərini düşünürlər ki, bu da onlarda uzaqlaşma hissini daha da dərinləşdirir.