MİLLİ MƏCLİSİN DEPUTATLARI ATƏT PA-NIN İLLİK SESSİYASINDA İŞTİRAK EDƏCƏKLƏR
AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin müavini Bahar Muradovanın başçılığı ilə nümayəndə heyəti ATƏT Parlament Assambleyasının 17-ci illik sessiyasında iştirak etmək üçün iyunun 28-də Qazaxıstanın Astana şəhərinə yola düşəcəkdir.
Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinə parlamentin aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, deputatlar Fəttah Heydərov və Fazil Mustafayev daxildirlər.
Sessiyada qurumun siyasi məsələlər və təhlükəsizlik, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit, demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə ümumi komitələrində məruzələr dinləniləcək, qətnamələr qəbul ediləcəkdir. “ATƏT məkanında şəffaflıq: təhlükəsizlik sektoruna parlament nəzarəti sahəsində yeni təhdidlər” mövzusunda qətnamə layihəsi də müzakirə mövzusu olacaqdır. Yekunda təşkilati məsələlərə baxılacaq, ATƏT Parlament Assambleyasının yeni sədri və sədrin üç müavini seçiləcəkdir.
Müzakirələr zamanı qurumun hazırladığı bir sıra sənədlərə dair Azərbaycan nümayəndə heyətinin verdiyi təkliflərə də baxılacaqdır. Milli Məclis sədrinin müavini, ATƏT PA-dakı Azərbaycan nümayəndə heyətinin başçısı Bahar Muradova və deputatlarımız məsələlərə münasibətdə ölkəmizin maraqlarını müdafiə edəcək, mövqeyini bildirəcəklər.
Səfər iyulun 5-də başa çatacaqdır.