MİLLİ MƏCLİSİN İCLASINDA
Noyabrın 15-də Milli Məclisin növbəti ümumi iclası keçirilmişdir. İclasda sədrlik edən Murtuz Ələsgərov bildirdi ki, Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri taburunun tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında Azərbaycan Prezidentinin təqdimatı parlamentə daxil olmuşdur. O dedi ki, həmin sənəd təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının iclasında nəzərdən keçirilmiş və onu parlamentin ümumi iclasının müzakirəsinə çıxarmaq qərara alınmışdır.
Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini Tapdıq Kamalov bildirdi ki, komissiyanın bütün üzvləri bu sənədin ümumi iclasın müzakirəsinə çıxarılmasına səs vermişlər.
Müdafiə nazirinin müavini Məmməd Beydullayev həmin məsələ barədə çıxış edərək dedi ki, Türkiyə taburunun tərkibində əməliyyatlarda iştirak üçün göndərilən taqım 30 hərbi qulluqçudan ibarətdir və onlar NATO standartlarına uyğun təlim keçmişlər.
Milli Məclis “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” qərarı yekdilliklə qəbul etdi.
Sonra deputatlar “Azərbaycan Respublikasının 2003-cü il Dövlət büdcəsi” haqqında Azərbaycan Respublikası Qanunu layihəsinin müzakirəsini davam edirdilər. Həmin məsələ barədə çıxış edən deputatlar bildirdilər ki, əsas maliyyə sənədi əvvəlkilərdən daha mütərəqqi və sosial yönümlüdür. Maliyyə naziri Əvəz Ələkbərov deputatların suallarına cavab verdi.
Depdtatlar bir neçə iclasda davam etdirilmiş müzakirələrin yekunlarına əsasən, “Azərbaycan Respublikasının 2003-cü il Dövdət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul etdilər.