MİLLİ MƏCLİSİN SƏDRİ AVROPA İTTİFAQININ CƏNUBİ QAFQAZ ÜZRƏ XÜSUSİ NÜMAYƏNDƏSİ İLƏ GÖRÜŞMÜŞDÜR
Parlamentin sədri Azərbaycanda aparılan islahatlar, ötən ilin noyabrında keçirilmiş parlament seçkiləri, təkrar seçkilərə hazırlıq, Azərbaycanın Avratlantika strukturlarına inteqrasiyası, Avropa İttifaqı ilə əməkdaşlığı barədə qonağa ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizlə Avropa İttifaqı arasında 1992-ci ildən yaranmış əlaqələr 1996-cı ildə əməkdaşlıq və tərəfdaşlığa dair sənədin imzalanmasından sonra yeni mərhələyə qədəm qoymuş, daha da genişlənmiş və inkişaf etmişdir. Azərbaycan təşkilatın Yaxın Qonşuluq Siyasəti layihəsini dəstəkləyir və həyata keçirdiyi bir sıra irimiqyaslı proqramlarda da iştirak etmək niyyətindədir.
Sonra Milli Məclisin sədri regionda gedən proseslərdən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin regionun, xüsusilə Azərbaycanın inkişafına törətdiyi maneələrdən, Azərbaycanın obyektiv mövqeyindən danışmış, Ermənistanın təcavüzkar siyasətindən əl çəkməməsi üzündən problemin həllinin uzandığını diqqətə çarpdırmışdır.
Oqtay Əsədov Avropa İttifaqının bu münaqişənin həllində rolunu artıracağına ümidvar olduğunu bildirmişdir.
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebey ətraflı məlumata görə minnətdarlığını bildirmiş, təşkilatın Azərbaycana marağından söz açmışdır. Bildirmişdir ki, Avropa İttifaqı Azərbaycanda gedən prosesləri yaxından izləyir və həyata keçirilən islahatları yüksək qiymətləndirir.
Sonra görüşdə Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin perspektivləri, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Almaniyanın ölkəmizdəki səfiri Detlef Lingeman və digər rəsmi şəxslər iştirak etmişlər.