Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Aprelin 3-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin onlayn iclası keçirilib.
Parlamentin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası komitə sədri Sadiq Qurbanov açaraq gündəlik barədə məlumat verib.
Bildirilib ki, müzakirəyə bir məsələ - “Yol hərəkəti haqqında”, “Sosial sığorta haqqında”, “Tibbi sığorta haqqında”, İşsizlikdən sığorta haqqında”, “Məşğulluq haqqında”, “Dövlət rüsumu haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Baytarlıq haqqında”, “Yeyinti məhsulları haqqında” qanunlarda və Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi birinci oxunuşda təqdim edilib.
İclasa internet vasitəsilə qatılan komitə üzvləri məsələ ilə bağlı öz fikirlərini açıqlayıblar. Deputatlar qanunlara təklif olunan dəyişiklikləri məqbul hesab ediblər.
Komitə sədri Sadiq Qurbanov müzakirələrə yekun vuraraq məsələnin əhəmiyyəti barədə danışıb.
Sonda gündəlikdəki məsələ Milli Məclisin plenar iclasına tövsiyə olunub.