MİLLİ MƏCLİSİN YAZ SESSİYASI BAŞA ÇATMIŞDIR
Sonra gündəlikdəki qanun layihələrinin müzakirəsinə başlanmışdır. Parlamentin təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini Aydın Mirzəzadə “Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumat vermişdir. Bildirmişdir ki, tranzit daşımaları 2006-2008-ci illərdə həyata keçiriləcəkdir. 2006-cı ildə tranzit daşımalarının maksimum həcmi 400 vaqon təşkil edəcəkdir. 2007-2008-ci illər üzrə tranzit daşımalarının maksimum həcmi, planlaşdırılan ildən əvvəlki ilin dekabr ayına qədər Rusiya Federasiyasının Müdafiə Nazirliyi ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında əlaqələndirilir.
Deputatlar layihənin vacibliyindən danışmış, Azərbaycanın milli maraqlarına cavab verdiyini əsas götürərək, onu təsdiq etmişlər. Sonra iqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi barədə” qanun layihəsini müzakirəyə təqdim etmişdir. O, qloballaşan dünyada əqli mülkiyyətin rolundan və əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, Azərbaycan bu Proqrama qoşulduqdan sonra bu sahə ilə əlaqədar qanunlarını təkmilləşdirəcək, milli əqli mülkiyyətin strateji konsepsiyasını hazırlayacaqdır. Müzakirələrdən sonra bu layihə də səs çoxluğu ilə təsdiqlənmişdir.
Bəzi qanunvericilik aktlarına dəyişikliklər edildikdən sonra “Əmanətlərin sığortalanması haqqında” qanun layihəsi müzakirə olunmuşdur. Ziyad Səmədzadə demişdir ki, Azərbaycanın iqtisadi yüksəlişi bank sektorunun da inkişafına təkan vermişdir. Bank sisteminin təkmilləşməsi, əhalinin əmanətlərinin etibarlı qorunması çox vacibdir. Dünyanın bütün inkişaf etmiş ölkələrində belə bir qanun vardır. Bu qanun Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin formalaşdırılmasını və fəaliyyətini, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edəcəkdir. Qanun layihəsi 6 fəsil 32 maddədən ibarətdir.
Milli Bankın idarə heyətinin sədri Elman Rüstəmov layihənin əhəmiyyətindən danışmış və qanunun qəbulundan sonra əhalinin banklara etibarının artacağına ümidvar olduğunu bildirmişdir. Sonda qanun layihəsi birinci oxunuşda qəbul olunmuşdur.
Sonra “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” və “İnzibatı ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” qanun layihələri müzakirə olunmuşdur. Birinci layihə ikinci, Əsasnamə isə həm ikinci, həm də üçüncü oxunuşda təsdiqlənmişdir.
Sessiyanı Valeh Ələsgərov yekunlaşdırmışdır. O demişdir ki, Milli Məclis 2006-cı ilin yaz sessiyası ərzində ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.
Bu sessiyada Milli Məclisin 14 iclası keçirilmiş, iş planında nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan 68 qanun və qərar geniş və ətraflı müzakirələrdən sonra qəbul edilmişdir. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini yerinə yetirərək, ölkəmizin tərəqqisi, xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülən quruculuq işlərinin hüquqi təminatını daha da möhkəmləndirmiş və təkmilləşdirmişdir.
Sessiya dövründə Milli Məclis iki Konstitusiya qanununu birinci səsvermədə qəbul etmişdir. Bunlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” və “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Konstitusiya qanunlarıdır.
Yaz sessiyasında bir sıra digər mühüm qanunlar, o cümlədən “Fitosanitar nəzarəti haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında”, “Onkoloji yardım haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikasının polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” və digər qanunlar qəbul olunmuşdur. Bir sıra qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinə və Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilmişdir.
Ölkəmizdə insan hüquqlarının həyata keçirilməsi üçün təminatların daha da möhkəmləndirilməsinə yönəldilən qanunvericilik tədbirləri davam etdirilmişdir. Bu sessiyada parlament “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə” mühüm Qanun qəbul etmişdir.
Azərbaycan Respublikasının bir sıra beynəlxalq aktlarda iştirakına parlament tərəfindən xeyir-dua verilmişdir. Bunlar “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası, “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiya, “Xilasetmə haqqında” Beynəlxalq Konvensiya, “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiya, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması haqqında” Qərar, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişdir.
Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına yönəldilən bir sıra beynəlxalq sənədlər, o cümlədən Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə kredit haqqında sazişlər, Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Mayn (“KfW”) arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”, həmin Müqaviləyə dair Xüsusi Razılaşma və digər sazişlər təsdiq edilmişdir.
Azərbaycan Respublikası ilə Finlandiya Respublikası, Latviya Respublikası, Çexiya Respublikası, İran İslam Respublikası arasında dövlətlərarası və hökumətlərarası sazişlərin təsdiq edilməsinə dair qanunlar qəbul olunmuşdur.
Milli Məclis, özünün konstitusion vəzifələrini yerinə yetirərək, yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını dinləmişdir. Hökumətin ötənilki fəaliyyətinə dair məruzə parlamentə təqdim edilmişdir.
Parlamentimiz, Konstitusiya ilə nəzərdə tutulan digər səlahiyyətlərini də yerinə yetirərək, “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar qəbul etmişdir.
Sessiya dövründə parlamentimizin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüş, üzv olduğumuz beynəlxalq təşkilatlarda iştirakımız davam etdirilmişdir.
Sonda Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.