MİLLİ MƏCLİSİN YAZ SESSİYASI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, martın 1-də Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilmişdir.
Parlamentin sədri Murtuz Ələsgərov sessiyanı açdıqdan sonra Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Murtuz Ələsgərov bildirdi ki, 2004-cü il payız sessiyasında Milli Məclis 29 iclas keçirmiş, iş planında nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən 102 qanun və qərar geniş, ətraflı müzakirələrdən sonra qəbul olunmuş, bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda baxılmışdır.
Ölkəmizin ali qanunvericilik orqanı ümummilli liderimiz, müstəqil dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir. Sessiyalararası dövrdə parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilmiş, üzv olduğumuz beynəlxalq təşkilatlarda iştirakımız davam etdirilmişdir. Avropa Şurası Parlament Assambleyasının 2005-ci il qış sessiyası ölkəmiz üçün uğurlu keçmişdir. 2001-ci ildə Azərbaycan nümayəndə heyətinin başçısı İlham Əliyev bu mötəbər təşkilatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məruzə hazırlanması təşəbbüsü ilə çıxış etmişdi. Terri Devisin hazırladığı və Devid Atkinsonun başa çatdırdığı məruzə builki qış sessiyasında dinlənilmişdir. AŞPA-nın münaqişə ilə bağlı mövqeyini əks etdirən qətnamə və problemin həlli istiqamətində təşkilatın həyata keçirə biləcəyi tədbirlərə dair Avropa Şurasının Nazirlər Komitəsinə ünvanlanmış tövsiyə qəbul olunmuşdur. Bu sənəddə Azərbaycan ərazilərinin Ermənistan qüvvələri tərəfindən işğal edilməsi, Dağlıq Qarabağ bölgəsinin seperatçı qüvvələrin nəzarəti altında olması və həmin ərazilərdə etnik təmizləmə aparılması faktları öz əksini tapmışdır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ATƏT-in Parlament Assambleyasının iyul ayında Vaşinqtonda keçiriləcək yay sessiyasında da müzakirəyə çıxarılacaqdır. Sessiyaya hazırlıq məqsədi ilə həmin təşkilatdakı nümayəndə heyətimiz Parlament Assambleyasının bu günlərdə keçirilmiş qış iclasında mühüm bir sənədin yayılmasına nail olmuşdur. “Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda münaqişə haqqında” adlanan bu sənəddə Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğal, etnik təmizləmə və soyqırımı siyasətinin ağır nəticələri ATƏT-in üzvü olan ölkələrin nümayəndələrinin nəzərinə çatdırılmışdır.
Milli Məclisin deputatları Türkiyə, Fransa, Belçika, Rusiya, Avstraliya və digər ölkələrə səfərlər etmiş, qarşılıqlı əməkdaşlığa dair səmərəli danışıqlar aparmışlar.
Milli Məclislə Türkiyə Böyük Millət Məclisi arasında əlaqələr yüksək səviyyədədir. Türkiyə parlamentinin sədri, eləcə də başqa dövlətlərin, beynəlxalq qurumların müvafiq təşkilatlarının nümayəndə heyətləri Azərbaycanda olmuş, bir sıra mühüm görüşlər keçirmişlər. Bu görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi məsələlərinə toxunulmuş, Ermənistanın ölkəmizin təcavüzünün ağır nəticələrindən, Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq prinsipləri və normaları, xüsusən dövlətlərin ərazi bütövlüyü prinsipi əsasında həll olunması zərurətindən danışılmışdır.
Türkiyə Böyük Millət Məclisinin fevralın 24-də keçirilən xüsusi iclasında Xocalı soyqırımı ilə bağlı məsələ müzakirə edilmiş, beynəlxalq təşkilatlara müraciəti qəbul olunmuşdur. Sənəddə Ermənistanın təcavüzkar siyasəti qətiyyətlə pislənmiş, Azərbaycanın işğal altındakı torpaqlarının qeyd-şərtsiz azad olunması tələb edilmişdir.
Deputatlar Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.
Daha sonra Murtuz Ələsgərov Milli Məclisin 2005-ci il yaz sessiyasının iş planı barədə məlumat verərək dedi ki, bu sessiyada “Təhsil haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında”, “İnşaat fəaliyyəti haqqında”, “Ailə kəndli təsərrüfatı haqqında” və bir sıra digər mühüm qanun layihələri müzakirəyə çıxarılacaq və qəbul olunacaqdır.
İş planının müzakirəsi zamanı deputatlar bir sıra təkliflər verdilər.
Günün ikinci yarısında iclas öz işini davam etdirdi. Milli Məclisin 2005-ci il yaz sessiyasının qanunvericilik işləri planı təsdiq edildikdən sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.
Əvvəlcə Milli Məclisin Daxili Nizamnaməsinin 40-cı maddəsinə uyğun olaraq, hesablayıcı və intizam komissiyalarının tərkibi yenidən seçilərək təsdiq edildi. Komissiyalardan hər birinə 9 deputat daxildir.
Sonra Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikası Prezidenti Georgi Pırvanovun inzaladıqları birgə bəyannamə, Azərbaycan Respublikası hökuməti ilə Belarus, Bolqarıstan, İran, Almaniya hökumətləri arasında gömrük işi sahəsində, vergi qanunvericiliyi, sənaye mülkiyyətinin mühafizəsi, hərbi və hərbi-texniki və digər sahələrdə əməkdaşlığa dair saziş layihələri, eləcə də digər sənədlər müzakirə olundu.
Müzakirələr zamanı deputatlar həmin sənədlərin ölkəmizin milli maraqlarına cavab verdiyini və onların Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olacağını vurğuladılar və layihələri təsdiq etdilər.