Milli Məclisinin deputatları Respublika Günü münasibətilə Bolqarıstan radiosuna müsahibə veriblər
Sofiya, 28 may, AZƏRTAC
Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Rauf Əliyev və Elm və təhsil komitəsinin sədr müavini, professor Musa Qasımlı 28 May - Respublika Günü münasibətilə Bolqarıstanın aparıcı “Fokus” radiosuna müsahibə veriblər.
AZƏRTAC xəbər verir ki, müsəlman Şərqində ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasına aparan yol barədə dinləyicilərə məlumat verən professor M.Qasımlı Azərbaycan xalqının müstəqillik yolunun maarifçilik hərəkatından başladığını bildirib, ilk teatrın yaradılması, “Əkinçi” qəzetinin nəşri, müsəlman Şərqində ilk operanın Azərbaycanda yaradılması, XX əsrin əvvəllərində ilk ictimai-siyasi təşkilatların meydana gəlməsindən bəhs edib.
Deputat, həmçinin Cümhuriyyətin yaradılmasında siyasi zərurət və həmin dövrün ictimai-siyasi vəziyyəti barədə də danışıb. O, 1917-ci il fevral inqilabından sonra çar Rusiyasının daxili vəziyyəti, bu vəziyyətin imperiyanın tərkibinə daxil olan Cənubi Qafqaza təsiri barədə məlumat verərək bu amillərin Şərqdə ilk demokratik respublikanın yaranmasına gətirib çıxardığını əlavə edib.
Azərbaycan Xalq Cümhuriyyətinin müasir Azərbaycan tarixində yeri barədə sualı cavablandıran deputat R.Əliyev Azərbaycanın qədim dövlətçilik ənənələrinə malik olduğunu bildirərək Şərqdə ilk dəfə demokratik dəyərlər əsasında parlamentar respublikanın yaradılmasını tarixi hadisə kimi qiymətləndirib. O, qısa müddətdə mövcud olmasına baxmayaraq, AXC-nin böyük nailiyyətlərə imza atdığını, 200-dən artıq qanun qəbul etdiyini söyləyib. Həm demokratik dəyərlər, həm də Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən birinci Respublikanın həyata keçirdiyi siyasətin onun varisi olan Azərbaycan Respublikasının gələcək inkişaf yolunun müəyyənləşdirilməsində əhəmiyyətindən söz açıb.
Müasir Azərbaycanın hazırkı inkişafı və nailiyyətlərindən bəhs edən R.Əliyev 1991-ci ilin oktyabrında Azərbaycan xalqının XX əsrdə ikinci dəfə müstəqilliyini bəyan etdiyini, yenicə milli istiqlaliyyətinə qovuşmuş Azərbaycanda hökumət böhranının kəskinləşməsi və vətəndaş müharibəsi şəraitində xalqın tələbi əsasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin müstəqilliyinin yeni mərhələsinə qədəm qoyduğunu diqqətə çatdırıb. 1993-2003-cü illərin Azərbaycan tarixində dirçəliş və inkişaf illəri kimi daxil olduğunu vurğulayan deputat 2003-cü ildən sonrakı dövrün böyük yolun davamı olduğunu bildirib. Heydər Əliyev siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasi kursun Azərbaycanın dövlət müstəqilliyinin daha da möhkəmləndirdiyini qeyd edib.
Hazırda davam edən COVID-19 pandemiyasına baxmayaraq, ölkəmizin əldə etdiyi uğurların dünyanın nüfuzlu beynəlxalq təşkilatları tərəfindən qeydə alındığını bildirib. O, Azərbaycan Prezidentinin milli maraqlara əsaslanan uzaqgörən xarici siyasəti nəticəsində şanlı Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində işğalçı Ermənistan ordusunu məğlub edərək tarixi Zəfərə imza atdığını və torpaqlarımızın 30 ilə yaxın müddət ərzində davam edən işğalına son qoyduğunu qeyd edib.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya