CƏMİYYƏT
Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının final mərhələsi keçirilib





Bakı, 9 iyun, AZƏRTAC
Ali Məhkəmədə ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının tam dəstəyi ilə Sürəyya Ağaoğlunun 120 illik yubileyinə həsr olunan Milli Məhkəmə Müsabiqəsinin XII buraxılışının final mərhələsi keçirilib.
Vəkillər Kollegiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, final mərhələsində kassator qismində “The Court Jesters”, digər tərəf isə “The Advocacy Avangers” komandası çıxış ediblər.
Final mərhələsində prosesə Ali Məhkəmənin Mülki kollegiyasının hakimləri Aqil Abbasovun sədrliyi, Vidadi Məmmədov, Zaur Əliyevdən ibarət tərkibdə baxılıb. Qiymətləndirilmə nəticəsində “The Court Jesters” komandasının üzvləri Şahin Bayramlı və Elmar Bəyərov qalib elan olunub. “The Advocacy Avangers” komandasının üzvləri Rüstəm Əzimli və Mehri Qurbanova isə ikinci yerə layiq görülüblər.
Müsabiqənin sonunda qaliblərə 500 manat dəyərində mükafat, Sürəyya Ağaoğlunun həyat və yaradıcılığına həsr olunan “Bir ömür belə keçdi” adlı kitab, sertifikat, kubok təqdim edilib, ikinci yerin qaliblərinə isə 250 manat dəyərində mükafat, “Bir ömür belə keçdi” adlı kitab və sertifikat verilib.
Bununla yanaşı finalçılara “Bona Mente” məsləhət şirkəti tərəfindən karyera kouçinq imkanı təqdim olunub.