CƏMİYYƏT
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirəcək
![Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəranda tibbi aksiya keçirəcək](/files/2020/1/1200x630/158140927352066608_1200x630.jpg)
Bakı, 11 fevral, AZƏRTAC
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası fevralın 12-dən 14-dək Lənkəranda tibbi aksiya keçirəcək.
Mərkəzin elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən AZƏRTAC-a bildiriblər ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Lənkəran dəmiryolu vağzalında saat 10:00-17:00-dək Lənkəran sakinlərinə tibbi xidmət göstərəcək. Fevralın 12-13-də müayinələr, fevralın 14-də isə cərrahi əməliyyatlar icra olunacaq. Üç gün davam edəcək aksiyada məqsəd pasiyentləri operativ şəkildə müayinə-müalicə etmək, refraksiya anomaliyalarının aşkarlanmasını müəyyənləşdirmək, onların səhhətləri ilə bağlı olan problemlərin həll olunmasına kömək göstərmək, hətta cərrahi əməliyyat etməkdən ibarətdir.
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası 2018-ci ildən etibarən fəaliyyətə başlayıb. Dəmiryolu Səyyar Klinikası ölkənin dəmiryolu xətti yerləşən bütün regionlarında, eləcə də Gürcüstan-Azərbaycan sərhədi ərazisində fəaliyyət göstərir. Səhiyyə Nazirliyinin dəstəyi ilə yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunan Səyyar Qatarın uzunluğu 25, eni 3 metrdir. Qatarda oftalmoloji müayinələr üçün bölmə avadanlıq və oftalmoloq yerindən ibarətdir. Müayinələr üçün avadanlıqlar foropter, refraktometr, tonometr, işarələr proyektoru, yarıq lampa, lensmetr və digərləri təşkil edilib.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. 2005-ci ildən mərkəzin avtomobil Səyyar Klinikası mütəmadi olaraq paytaxtda və respublikasının müxtəlif regionlarında pasiyentlərə xidmət göstərir.