MİLLİ OLİMPİYA KOMİTƏSİNDƏ GÖRÜŞLƏR
Milli Olimpiya Komitəsinin Prezidenti, Milli Məclisin deputatı İlham Əliyev noyabrın 7-də MOK-un inzibati binasında Avropa Taekvondo Federasiyasının prezidenti Ananstasis Proqalis ilə görüşmüşdür.
MOK-un prezidenti qonağı salamlayaraq bildirdi ki, taekvondo Azərbaycanda idmanın ən populyar növlərindən biridir. Gənclərimiz idmanın həmin növü ilə son dövrdə məşğul olmağa başlasalar da, artıq yaxşı nəticələr əldə edilmişdir. Taekvondo ilə məşğul olmaq üçün yaxşı maddi-texniki baza yaradılmışdır, gələn ilin fevralında isə dünya standartlarına cavab verən yeni idman kompleksi istifadəyə veriləcəkdir. İlham Əliyev Avropa federasiyasının rəhbərini bu obyektin açılışında iştirak etməyə dəvət etdi.
İlham Əliyev Azərbaycanda idmanın inkişafı barədə qonağa məlumat verərək bildirdi ki, ölkəmizdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün idman qurğuları vardır, son illər ərzində isə 6 yeni idman obyekti tikilmişdir. Təsadüfi deyildir ki, Bakı dünya və Avropa çempionatlarının, müxtəlif beynəlxalq turnirlərin və yarışların keçirildiyi yer olmuşdur.
Avropa Taekvondo Federasiyasının prezidenti dedi ki, Azərbaycan idmançılarının beynəlxalq yarışlardakı uğurları diqqəti cəlb edir, taekvondoçular isə son illər ərzində çox yüksək nəticələr göstərmişlər. O, Azərbaycanın taekvando federasiyasına göstərdiyi diqqət və qayğıya görə MOK-un prezidentinə minnətdarlığını bildirərək dedi ki, federasiya 2005-ci ildə gənclər arasında Avropa çempionatını, eləcə də Olimpiya oyunlarınadək beynəlxalq turniri Bakıda keçirmək barədə qərar qəbul etmişdir.
Görüşün sonunda qonaq İlham Əliyevə xatirə hədiyyəsi təqdim etdi.
MOK Prezidenti isə Ananstatis Proqalisə Milli Olimpiya Komitəsinin 10 illiyi ilə əlaqədar nəşr olunmuş kitab və xatirə hədiyyələri verdi.
Görüşdə gənclər, idman və turizm naziri Əbülfəz Qarayev, respublika Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov iştirak edirdilər.
X X X
Milli Olimpiya Komitəsinin prezidenti, Milli Məclisin deputatı İlham Əliyev elə həmin gün Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun \MOİK\ rəhbərliyi və hərbçi idmançıların bir qrupu ilə görüşmüşdür.
MOK-un prezidenti hərbçi idmançılarla ilk görüşündən məmnun qaldığını, ordu idman klubunun uğurlarına sevindiyini bildirərək dedi ki, Azərbaycanda idman ictimai həyatın mühüm amilinə çevrilmişdir. Ordumuza da fiziki və mənəvi cəhətdən sağlam gənclər lazımdır. Məqsədimiz bundan ibarətdir ki, idman kütləvi xarakter alsın, gənclərimiz sağlam, fiziki cəhətdən güclü olsunlar, orduda yaxşı xidmət etsinlər, eyni zamanda, Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırsınlar.
İlham Əliyev hərbçilərin beynəlxalq yarışlarda yaxşı nəticələr göstərdiklərinə görə idmançıları təbrik etdi, onların bundan sonra da Azərbaycanı ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı.
Səmimi görüşə, gənclərə daim diqqət və qayğı göstərdiyinə görə İlham Əliyevə təşəkkürünü bildirən MOİK-in rəisi, polkovnik Natiq Əliyev hərbçi idmançıların uğurları barədə ətraflı məlumat verərək dedi ki, 1997-ci ildən bu günədək onlar vətənə 102 medal gətirmişlər. Onlar həm Dünya Hərbi İdman Təşkilatının xətti ilə keçirilən Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə, həm də Azərbaycan milli yığma komandasının tərkibində müxtəlif yarışlarda, o cümlədən Sidney Olimpiadasında iştirak etmişlər.
Klubun rəisi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali baş komandanı Heydər Əliyevin milli ordumuzun yaradılmasındakı xidmətlərini, ordu quruculuğuna, idmanın inkişafına diqqət və qayğısını xüsusi vurğuladı, Milli Olimpiya Komitəsinin fəaliyyətini yüksək qiymətləndirdi. O, MOK-un prezidentinə müraciətlə dedi ki, sizin rəhbərliyinizlə Azərbaycanda bədən tərbiyəsi və idmanın kütləviliyi təmin olunmuş, olimpiya hərəkatı geniş vüsət almışdır. Yeni idman qurğuları, bazaları gənclərin ixtiyarına verilmişdir. Dünyanın 123 ölkəsinin təmsil olunduğu Dünya Hərbi İdman Təşkilatına MOİK-in üzv qəbul edilməsi də sizin şəxsi nüfuzunuzun nəticəsidir.
MOİK-in fəaliyyətini müsbət qiymətləndirən MOK-un prezidenti vurğuladı ki, idmançılarımız təkcə hərbçilərin yarışlarında deyil, ümumən dünya və Avropa çempionatlarında da böyük nəticələr göstərirlər. İndi idmançılarımızın əsas vəzifəsi ondan ibarət olmalıdır ki, Afina yay Olimpiya oyunlarına yaxşı hazırlaşsınlar, təlim-məşq toplanışları keçirsinlər və lisenziya qazansınlar, olimpiadada yaxşı nəticələr göstərsinlər. Mən buna əminəm. Bunu deməyə əsas var ki, Afina Olimpiya oyunlarında idançılarımız böyük uğurlar qazanacaqlar.
İdmançılarımızın Sidneydən iki qızıl və bir bürünc medal gətirdiklərini xatırladan İlham Əliyev bildirdi ki, Milli Olimpiya Komitəsinin 10 illiyinə həsr olunmuş mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin nümayəndəsi bu nailiyyəti böyük hadisə kimi qiymətləndirmiş və Azərbaycanın aparıcı idman ölkələri sırasına çıxdığını vurğulamışdır. İlham Əliyev daha sonra dedi: Bu, çox sevindiricidir. Baxmayaraq ki, ərazi və əhalinin sayı baxımından o qədər də böyük ölkə deyilik, amma idmanda olan uğurlar bizi aparıcı idman dövlətləri sırasına daxil etməyə imkan veribdir. Bu, bizim üçün ancaq idman nöqteyi-nəzərindən vacib deyil, bu, eyni zamanda, uşaqların, yeniyetmələrin idman bölmələrinə axınını gücləndirir, ölkənin inkişaf potensialını göstərir. İnkişaf etməmiş ölkə belə nailiyyətlər qazana bilməz. Ona görə də Azərbaycanda idman hərtərəfli inkişaf edir. İdmana rəhbərlik edən qurumlar çox səmərəli, birlikdə işləyirlər. Beynəlxalq idman təşkilatlarının rəhbərləri və nümayəndələri deyirlər ki, Azərbaycan yeganə ölkədir ki, idmana rəhbərlik edən qurumlar arasında ziddiyyət yoxdur, əksinə, əməkdaşlıq var, mehriban münasibət var. Buna görə də Azərbaycanda bütün idman növləri inkişaf edir.
MOK-un rəhbəri Azərbaycanda qeyri-sabitlik dövründə idmanın vəziyyətini, Prezident Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə əmin-amanlıq yaradıldıqdan sonra idman sahəsində müsbət dəyişkliklər baş verdiyini, bütün idmançılara kömək göstərildiyini xatırlatdı. İlham Əliyev onu da bildirdi ki, məqsədimiz ölkə çempionatlarının, müxtəlif yarışların təkcə Bakıda deyil, respublikanın digər şəhər və rayonlarında da keçirilməsini təmin etməkdir. Bizim böyük potensialımız, istedadlı gənc idmançılarımız var. Onlar üçün yaxşı şərait yaradılıb və bundan sonra da yaradılacaqdır.
MOİK-in rəisi, polkovnik Natiq Əliyev MOK-un prezidentinə xatirə hədiyyəsi təqdim etdi.
İlham Əliyev görüş iştirakçıları ilə xatirə şəkli çəkdirdi.
Foto Oqtay Aydınoğlunundur