MİLLİ QƏHRƏMANIN XATİRƏSİNƏ HƏSR OLUNMUŞ TURNİR BAŞLANMIŞDIR
Gənclər və İdman Nazirliyi ilə Qubadlı rayon “Məhsul” İdman Cəmiyyətinin birgə təşkil etdiyi yarışın açılış mərasimində şəhidin xatirəsi birdəqiqəlik sükutla yad olunmuşdur. Tədbirdə gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, idman cəmiyyətinin sədri Samir Cahangirov və Əliyarın dostları çıxış edərək, onun həyat və fəaliyyətindən, idman sahəsində əldə etdiyi uğurlardan və keçdiyi şərəfli döyüş yolundan söz açmışlar.
Bildirmişlər ki, doğma torpaqlarımızın ermənilər tərəfindən işğalına dözə bilməyən Əliyar Əliyev müharibənin ən qaynar nöqtələrində fədakarcasına döyüşmüşdür. O, 1992-ci il okyabrın 3-də Laçın rayonunun işğal olunmuş kəndlərinin ermənilərdən azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Gələn il Əliyar Əliyevin 50 illik yubileyi ilə əlaqədar bu turnirin beynəlxalq səviyyədə keçirilməsinin nəzərdə tutulduğu diqqətə çatdırılmışdır.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışlara start verilmişdir. Ölkəmizin müxtəlif idman klubu və cəmiyyətlərindən 170 pəhləvanın 9 çəki dərəcəsi üzrə mükafatlar uğrunda mübarizə apardığı yarışların qalibləri sentyabrın 3-də məlum olacaqdır.