Milli Qurtuluş Günü Gürcüstanda qeyd edilib
Tbilisi, 14 iyun, AZƏRTAC
Gürcüstan Azərbaycanlılarının Ağsaqqallar Şurası 15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar tədbir keçirib.
Şuranın üzvləri iyunun 14-də Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Azərbaycan xalqının ümummilli lideri, müasir dövlətimizin memarı və qurucusu Heydər Əliyevin büstü önünə gül çələngi qoyublar.
Sonra Milli Qurtuluş Günü ilə bağlı mərasim keçirilib.
Ağsaqqallar Şurasının sədri İsaq Novruzov çıxış edərək ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, dünyada azərbaycançılıq məfkurəsinin inkişafı, diaspor quruculuğu, eləcə də Azərbaycan ilə Gürcüstan arasındakı dostluq əlaqələrinin möhkəmlənməsi istiqamətindəki rolu, Cənubi Qafqazda sülhün və əmin-amanlığın bərpası istiqamətindəki xidmətləri barədə məlumat verib. O, Ümummilli Liderin müəllifi olduğu regional və beynəlxalq layihələrin əhəmiyyətindən danışaraq hazırda Ulu Öndərin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Bildirilib ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışı xarici ölkələrdə yaşayan bütün azərbaycanlıların bir amal ətrafında daha sıx birləşməsində mühüm rol oynayıb. İndi bütün dünya azərbaycanlıları daha sıx birləşmək, azərbaycançılıq ideyasını daha da inkişaf etdirmək, doğma Azərbaycanımızın müdafiəsi, haqq səsinin dünyada eşidilməsi istiqamətində mühüm layihələr hazırlayırlar.
Sonra şura sədrinin müavini Mayak Neymətov, Gürcüstan Müsəlmanları İdarəsinin rəhbəri hacı Ramin İgidov, Şərqi Gürcüstan Azərbaycanlılarının müftisi hacı Yasin Əliyev, “Gürcüstan” qəzetinin baş redaktoru İslam Əliyev və başqaları çıxış edərək ulu öndər Heydər Əliyevin dünya azərbaycanlılarına, xüsusən də Gürcüstanda yaşayan soydaşlarımıza diqqət və qayğısından söz açıblar.
Tədbirdə son günlər Gürcüstanda bəzi qrupların təxribatçı niyyətləri, azərbaycanlılar arasında qarşıdurmalar yaratmaq cəhdləri barədə də məsələ müzakirə olunub. Bildirilib ki, Gürcüstan azərbaycanlıları bu cür təxribatlara imkan verməyəcək, belə şər qüvvələrə qarşı sivil qaydada birgə mübarizə aparacaqlar.
Sonda bu məsələ ilə əlaqədar Gürcüstanın Baş naziri Qeorgi Kvirikaşviliyə və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaqmadzeyə müraciət qəbul olunub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi