MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRİ ÇİNİN AZƏRBAYCANDAKI SƏFİRİ İLƏ GÖRÜŞMÜŞDÜR
Səlahiyyət müddəti başa çatan səfir Çjan Siyunun ölkəmizdəki diplomatik fəaliyyəti müddətində Çin Xalq Respublikası və Azərbaycan Respublikası arasında dostluq, elmi və mədəni münasibətlərin inkişafı istiqamətində gördüyü işləri vurğulayan nazir Eldar Mahmudov, diplomatın dövlətlərimizin xüsusi xidmət orqanlarının əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsindəki xidmətlərini yüksək qiymətləndirmişdir.
Nazir Eldar Mahmudov Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ilin mart ayında Çinə rəsmi səfərini xatırladaraq, bunun ölkələrimiz arasında yüksələn xətlə inkişaf edən əlaqələrin yeni mərhələyə daxil olmasında müstəsna rol oynadığını xüsusi qeyd etmişdir.
Mehriban qarşılandığına və xoş sözlərə görə minnətdarlığını bildirən Çjan Siyun Azərbaycanda səfir işləməsindən qürur duyduğunu, ötən illərin onun qəlbində ən xoş xatirələrə çevrildiyini bildirmişdir. Səfir səlahiyyət müddətinin bitməsi ilə əlaqədar ölkəmizdən ayrılmasına baxmayaraq, daim Azərbaycanın və onun xalqının dostu kimi qalacağını, respublikalarımız arasında əlaqələrin daha da möhkəmləndirilməsi üçün bundan sonra da çalışacağını söyləmişdir.
Nazir və qonaq beynəlxalq münasibətlər sisteminin başlıca prinsiplərindən olan dövlətlərin ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına riayət olunması məsələsində, terrorçuluqla və ekstremizmin bütün təzahürləri ilə mübarizədə ölkələrimizin mövqeyinin üs-üstə düşdüyünü, bu sahədə əməkdaşlığın genişlənməsini razılıq hissi ilə qeyd etmiş, regionda gedən proseslər barədə məlumat mübadiləsinin daha da artırılmasının vacibliyini vurğulamışlar.
Görüşün sonunda nazir Eldar Mahmudov səfir Çjan Siyuna gələcək diplomatik fəaliyyətində bir daha uğurlar arzulamış, onun Azərbaycanda daim əziz qonaq kimi qarşılanacağını bildirmişdir.