MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ SAMİR ƏSGƏRXANOV ADINA MÜKAFAT ÜZRƏ MÜSABİQƏ ELAN ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, beynəlxalq terrorçuluğa və mütəşəkkil cinayətkarlığın digər növlərinə, o cümlədən erməni terroru və silahlı separatçılığına qarşı Azərbaycan Respublikası tərəfindən həyata keçirilən tədbirlərin, belə təhlükəli təzahürlərlə mübarizə ilə bağlı fəaliyyətin geniş işıqlandırılması üçün elm və mədəniyyət xadimlərinin, yaradıcı birliklərin və şəxslərin fəallaşdırılması və həvəsləndirilməsi məqsədi ilə Milli Təhlükəsizlik Nazirliyi Samir Əsgərxanov adına mükafat üzrə müsabiqə elan etmişdir.
Milli Təhlükəsizlik Nazirliyinin diplomu və pul vəsaitindən ibarət mükafatları Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində yekun vurulacaq müsabiqənin nəticələrinə görə ən yaxşı elmi-tədqiqat və publisistik məqalələrin, kitabların, sənədli filmlərin, o cümlədən terrorun törətdiyi faciələri əks etdirən telesüjetlərin, internet səhifələrinin, foto və rəsm əsərlərinin müəlliflərinə təqdim etmək nəzərdə tutulur.
Mükafatlar aşağıdakı qaydada müəyyən olunur:
Jurnalistika, elmi-tədqiqat və müasir informasiya təbliğatı üzrə:
(elmi-tədqiqat və publisistik məqalə, kitab, internet səhifəsi)
I mükafat - 12.000.000 (on iki milyon) manat;
II mükafat - 10.000.000 (on milyon) manat;
III mükafat - 8.000.000 (səkkiz milyon) manat;
Həvəsləndirici mükafat - 4.000.000 (dörd milyon) manat.
Kino və təsviri sənət üzrə:
(sənədli film, telesüjet, foto və rəsm əsəri)
I mükafat - 15.000.000 (on beş milyon) manat;
II mükafat - 12.000.000 (on iki milyon) manat;
III mükafat - 10.000.000 (on milyon) manat;
Həvəsləndirici mükafat - 5.000.000 (beş milyon) manat.
Müsabiqəyə 2004-cü il martın 28-dən sonra hazırlanmış, çap və nümayiş etdirilmiş materiallar 2005-ci il martın 1-dək təqdim olunmalıdır.
Nəticələri Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı ərəfəsində elan ediləcək müsabiqənin şərtləri barədə əlavə məlumat almaq üçün MTN-nin İctimai Əlaqələr Mərkəzinə 493-30-64 nömrəli telefonla müraciət etmək olar.