Mina qurbanı: Sözdən işə keçmək vaxtıdır
Bakı, 20 sentyabr, AZƏRTAC
İndi də yadıma düşəndə bədənim uçunur. 2021-ci ilin qışında traktorla pambıq əkini üçün yer şumlayarkən üzləşdiyim faciə həyatımı alt-üst etdi. Təxminən yarım saat tarlada şum aparmışdım ki, qəfil eşitdiyim dəhşətli gurultu huşumu başımdan aldı.
AZƏRTAC xəbər verir ki, bu sözləri mina qurbanı, Tərtərin Seydimli kəndindən olan Elgün Ələkbərov deyib.
O, rayonun Qaraağacı kəndindəki pambıq zavodunda traktorçu işləyib. Əkin sahəsində öz işini yerinə yetirərkən onun idarə etdiyi traktor tank əleyhinə minaya düşüb. Dəhşətli partlayışdan sonra bədəninin müxtəlif nahiyələrində - başında, qolunda və qıçında çoxlu sınıqlar aşkar edilib, gözünün nurunu itirib. İki gün Bərdədə müalicə olunduqdan sonra Bakıya gətirilib, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində müalicə olunub. Həkimlərin səyi ilə onu həyatda saxlamaq mümkün olsa da, sağlamlığını itirib.
Elgün deyib: “Mənə hər altı aydan bir müalicə almağı məsləhət görüblər. Təəssüf ki, sol gözüm getdikcə nurunu itirir və indi demək olar ki, korluğun bir addımlığındayam. Xüsusilə havalar soyuq olanda bədənimdə ağrılar başlayır. Aldığım zədələr nəticəsində əmək qabiliyyətimi də itirmişəm. Döyüş şəraiti olmadan, əkin sahəsində iş görərkən sağlamlığını itirmək çox dəhşətli haldır. Bu, nə deməkdir? İndi biz doğma kəndimizdə, evimizin içində də səksəkəli gəzməli, ayağımızı yerə basanda da ehtiyatlı olmalıyıq? Erməni tərəfi mina xəritələrini təqdim etsə, güman edirəm ki, bu cür fəlakət və təhlükəli nəticələrdən qaçmaq mümkün olar”.
Həmsöhbətimiz fikirlərini belə yekunlaşdırıb: “Hər basdırılan mina böyük təhlükə mənbəyi, neçə-neçə insan faciəsi, yarımçıq qalan neçə-neçə ömür deməkdir. Lakin təəssüflər olsun ki, düşmən tərəfi basdırılmış minaların həqiqi xəritələrini vermir, beynəlxalq təşkilatlar onların bu əməllərini susqunluqla qarşılayır, separatçıların təxribatçı hərəkətlərinə hüququ qiymət verilməsi isə sözdən o tərəfə keçmir”.