“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 2” adlı layihənin icrası başlayır
Bakı, 1 may, AZƏRTAC
“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyi Koreya Respublikası tərəfindən İnsan Təhlükəsizliyinin Artırılması üçün Beynəlxalq İnam Fondu vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 2” adlı layihənin icrasına başlayır.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, məqsəd Azərbaycanın minalardan zərər çəkmiş rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik biznesin yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdir.
Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən iki-üç uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir, ailə gəlirinin artması onlar üçün səhiyyə, təhsil, qidalanma və sair kimi daha yaxşı imkanlara səbəb olacaq, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaq.
İcra müddəti dörd ay olan layihə Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında həyata keçiriləcək.