REGİONLAR
Mingəçevir Dövlət Universiteti və Almaniyanın Siegen Universiteti arasında birgə layihənin icrasına start verilib
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 23-də Mingəçevir Dövlət Universiteti (MDU) və Almaniyanın Siegen Universiteti arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin icrasına start verilib. Layihə çərçivəsində ilk təlimin 23-27 noyabr tarixlərində, ikinci təlimin isə 30 noyabr – 4 dekabr tarixlərində keçirilməsi nəzərdə tutulur.
Mingəçevir Dövlət Universitetindən AZƏRTAC-a bildirilib ki, “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən təlimlərin açılış mərasimində çıxış edən MDU-nun rektoru Şahin Bayramov təlimlərin tələbələr və heyət üçün faydalı olacağına əminliyini bildirib. İki universitet arasında uzunmüddətli əməkdaşlığın əsasını qoyacaq birgə layihənin əhəmiyyətindən danışan rektor təlimlərin iştirakçılarda sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsini hədəflədiyini diqqətə çatdırıb. Təlimlərdə MDU-nun İqtisadiyyat və idarəetmə, Mühəndislik və Pedaqoji fakültələrini təmsil edən tələbə və magistrantların, eləcə də akademik və inzibati heyət üzvlərinin iştirak etdiyini vurğulayan Ş.Bayramov qlobal pandemiya səbəbindən onlayn formatda reallaşdırılan layihənin baş tutmasında əməyi olanlara təşəkkürünü bildirib.
MDU ilə birgə layihənin həyata keçirilməsindən məmnunluğunu ifadə edən Siegen Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin kafedra müdiri, professor Petra Muq layihə çərçivəsində təşkil olunacaq təlimlərin faydalı olması üçün bütün hazırlıqların görüldüyünü bildirib. Təlimin mövzuları barədə danışan P.Muq tədbir iştirakçılarına təlimlərin nəzəri, praktiki və texniki nüansları barədə ətraflı məlumat verib.
Sonra təlimlərə start verilib.
Qeyd edək ki, MDU və Siegen Universiteti tərəfindən hazırlanmış birgə layihənin cari ilin noyabr-dekabr aylarında icrası nəzərdə tutulur. Siegen Universitetinin professor-müəllim heyəti və Almaniyanın uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçiriləcək təlimlərdə MDU-nun tələbə, magistrant və məzunları, eləcə də gələcəkdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayan Mingəçevir gəncləri iştirak edəcəklər. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları əhatə edəcək. Təlim iştirakçıları üçün praktiki bacarıqlarını inkişaf etdirmək, işgüzar oyunlarda iştirak etmək və ideyalarını biznesə çevirmək səriştələri qazanmaq imkanları yaranacaqdır.
Regional ekosistemin inkişafına töhfə verməyi hədəfləyən layihə çərçivəsində təşkil olunan təlimlərə biznesdə uğur qazanmış bir neçə yerli sahibkar qonaq məruzəçi qismində cəlb ediləcək. Sonda ən yaxşı təqdimat və biznes-planlar hazırlayan təlim iştirakçıları mükafatlandırılacaq.
Təqdirəlayiq haldır ki, yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.