Mingəçevir Dövlət Universitetində “Şuşa İli”nə həsr olunan elmi-praktik konfrans keçirilib
Mingəçevir, 3 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetində (MDU) “Şuşa İli”nə həsr olunan “Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsidir” mövzusunda elmi-praktik konfrans keçirilib. Konfransda MDU-nun akademik və inzibati heyəti, İctimai Nəzarət Şurasının üzvləri, KİV nümayəndələri, tələbə və magistrantlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransın açılışında MDU-nun rektoru Şahin Bayramov çıxış edib. Şuşanın xalqımız üçün tarixi əhəmiyyətə və yüksək mədəni-mənəvi dəyərə malik olduğunu vurğulayan rektor qeyd edib ki, strateji mövqedə yerləşən bu şəhərin Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyətli rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 2020-ci il noyabrın 8-də erməni işğalından azad edilməsi düşmənin kapitulyasiyasına və tezliklə şanlı Qələbənin qazanılmasına səbəb oldu. Təsadüfi deyil ki, Zəfər bayramı məhz Şuşanın azad edilməsi günündə qeyd olunur. Qarabağ Zəfərindən dərhal sonra Şuşanın əvvəlki tarixi görkəminin və mədəni ruhunun bərpa edilməsi istiqamətində dövlətin həyata keçirdiyi kompleks və sistemli tədbirlərdən danışan Ş.Bayramov Azərbaycan Prezidentinin müvafiq sərəncamlarına əsasən Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı, 2022-ci ilin “Şuşa İli” elan edilməsini mühüm tarixi əhəmiyyətə malik hadisə olduğunu bildirib.
Rektor “Şuşa İli” çərçivəsində MDU-da ilboyu silsiləvi tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Konfransın əhəmiyyətindən danışan Ş.Bayramov qeyd edib ki, tarixi həqiqətlərin, milli-mənəvi dəyərlərin, dahi şəxsiyyətlərin irsinin və qəhrəman Vətən övladlarının şücaətlərinin təbliği universitetdə tələbələrin vətənpərvərlik ruhunda yetişdirilməsi işinə əhəmiyyətli töhfə verir. Proqrama daxil olan məruzələrin aktuallığı barədə danışan rektor mövzuların postmüharibə dövründə Şuşada sosial, iqtisadi və mədəni mühitin bərpası istiqamətində həyata keçirilən tədbirlərin məzmunu ilə uyğunluq təşkil etdiyini vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Daha sonra MDU-nun Humanitar fənlər kafedrasının müəllimi Səbinə Novruzovanın moderatorluğu ilə konfransın məruzələri dinlənilib. MDU-nun “Azərbaycan bayrağı” ordenli tələbəsi Elnur Salahov “44 günlük Vətən müharibəsinin Zəfər zirvəsi: Şuşa”, akademik heyət üzvlərindən Aygün Qədirova “Şuşa Azərbaycanın mədəniyyət mərkəzidir”, Günel Yunusova “Azərbaycan ədəbiyyatında Şuşa ədəbi mühitinin yeri və rolu”, Vüqar Məmmədli “Şuşanın sosial-iqtisadi dirçəldilməsi dövlət siyasətinin prioritetidir”, Fəxriyyə İsayeva “Ədəbiyyatımızda Şuşa mövzusu”, Aytac Cavadova “Ekoloji terrora son: Şuşa azaddır” və MDU-nun Vətən müharibəsi iştirakçısı olan əməkdaşı Qaragöz Kərimov “Zəfər Yolu - müasir nəqliyyat infrastrukturu” mövzusunda məruzələrlə çıxış ediblər.
“Şuşa İli” çərçivəsində universitetdə silsiləvi tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.