REGİONLAR
Mingəçevir Dövlət Universitetinin Tələbə Elmi Cəmiyyətinin XI elmi konfransı keçirilib
Bakı, 11 mart, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Elmi Cəmiyyətinin “Nizami Gəncəvi İli” və “Elm günü”nə həsr edilmiş XI elmi konfransı keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransda MDU-nun rektoru Şahin Bayramovun salamlarını yetirən universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi və “Elm günü”nün təsis edilməsi barəsində Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarını diqqətə çatdırıb və bununla bağlı MDU-da çoxsaylı tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib.
Eyni zamanda, son dövrdə universitetdə tələbələrin elmi tədqiqat fəaliyyətinə daha aktiv cəlb olunması üçün geniş imkanların yaradıldığı qeyd edilib, onların elmi potensialının üzə çıxarılması və inkişaf etdirilməsi baxımından sözügedən konfransın əhəmiyyəti vurğulanıb.
Təqdim olunacaq elmi tədqiqatların mövzuları barədə ətraflı məlumat verildikdən sonra tələbələrin məruzələri dinlənilib.
MDU-nun Pedaqoji fakültəsinin tələbələrindən Günay Əhmədova “Nizami Gəncəvi “Xəmsə”sində əxlaq tərbiyəsi məsələləri”, Cəmilə Məmmədova “Nizami Gəncəvinin psixoloji görüşləri”, Çinarə Mehralıyeva “Nizami ədəbi irsinin ideya davamçıları”, Pərvin Qocayeva “Nizami Gəncəvi yaradıcılığında bəşəri ideyaların tərənnümü (Vilyam Şekspir yaradıcılığı ilə müqayisəli təhlil əsasında)”, Sahibə Şərifova “Nizami Gəncəvinin riyazi görüşləri”, Leyla Verdizadə “Bərabərsizliklərin isbatının bəzi üsulları”, Vüqar Talıbov “Müasir dövrdə Azərbaycan Respublikasının geosiyasi inkişaf xüsusiyyətləri” mövzusunda məruzələrlə çıxış ediblər.
Müəllim və tələbə heyəti tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb. Dünya ədəbiyyatı xəzinəsinə böyük töhfələr vermiş dahi mütəfəkkir Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatı və mədəniyyətinə miras qalan əsərlərində yer alan yüksək mənəvi fikirlərin tələbə gənclər arasında təbliğinin önəmindən bəhs edilib.
Qeyd edək ki, MDU-da “Nizami Gəncəvi İli” və “Elm günü” çərçivəsində həyata keçirilən silsiləvi tədbirlərdə tələbələrin fəal iştirakına xüsusi əhəmiyyət verilir və bu istiqamətdə onların təşəbbüskarlığının dəstəklənməsi diqqət mərkəzində saxlanılır.