REGİONLAR
MİNGƏÇEVİR XƏBƏRLƏRİ
YENİ İLİ YENİ MƏNZİLLƏRDƏ QARŞILAYACAQLAR
Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün nəzərdə tutulan 70 mənzilli yaşayış binasının inşası başa çatmaqdadır. Binada 24 mənzil tam hazırdır və onların sakinləri yeni ili təzə mənzillərdə qarşılayacaqlar.
Şəhərdəki “Qızılqum” kiçik müəssisəsinin ucaltdığı binanın ətrafında abadlıq işləri də görülür.
“HEYDƏR” MƏSCİDİNDƏ İFTAR SÜFRƏSİ
Müqəddəs Ramazan bayramı ərəfəsində şəhərdəki “Heydər” məscidində iftar süfrəsi açılmış, dini ayinlər icra olunmuş, imkansız adamlara yardım göstərilmişdir. Mərasimdə çıxış edənlər ölkəmizdə dini ayinlərin sərbəst icra olunmasına, dini-mənəvi dəyərlərimizin qorunub saxlanmasına göstərilən dövlət qayğısından məmnun qaldıqlarını bildirmişlər.
PAYIZ YAŞILLAŞDIRMA İŞLƏRİ ÜÇÜN
Mingəçevir tinglik müəssisəsi payız yaşıllaşdırma mövsümü başlanandan bugünədək respublikamızın paytaxtına, şəhər və rayonlardakı alıcılarına 10 mindən çox xan çinar, eldar şamı, qovaq, sərv ağacı tinqləri, müxtəlif bəzək kolları göndərmişdir. Təsərrüfathesablı müəssisədə yetişdirilən əkin materialı sifarişçiləri razı salmışdır. Mövsümün sonunadək alıcılara daha 50 mindən çox ting göndəriləcəkdir.
X X X
300 SATICI YERİ
Mərkəzi bazarın 1700 kvadratmert sahəsi olan birinci mərtəbəsində aparılan tikinti-quraşdırma işlərinin tamamlanması burada 300 satıcı yeri yaratmağa imkan verəcəkdir. Burada satıcı və alıcıların rahatlığı, sanitariya-gigiyena qaydalarına əməl edilməsi üçün lazımi şərait yaradılır.
Şəhər sakinləri bazarın ətrafında aparılan abadlıq işlərini də razılıqla qarşılamışlar.