MİNGƏÇEVİR XƏBƏRLƏRİ
ZAVOD YENİDƏN İŞLƏYİR
Mingəçevir asfalt zavodu 10 illik fasilədən sonra yenidən işə düşmüşdür. Həmin müddətdə istifadəsiz qaldığına görə yararsız hala düşmüş istehsal qurğuları, asfaltbasan maşın və mexanizmlər müəssisənin daxili imkanları hesabına saz vəziyyətə gətirilmişdir.
Zavodun fasiləsiz işləməsi üçün kifayət qədər xammal ehtiyatı yaradılmış, müəssisənin ilk məhsulu ilə energetiklər qəsəbəsində və Azərbaycan DRES-in ərazisində 12 min kvadratmetr sahəyə asfalt döşənmişdir.
X X X
YAZIÇI-JURNALİST ARIÇILIQLA DA MƏŞĞUL OLUR
Yazıçı-jurnalist, respublikamızın tanınmış arıçısı, Mingəçevir şəhər bələdiyyəsinin üzvü Nəsib Bayramoğlunun “Səda” nəşriyyatında çapdan çıxmış “Arı və demokratiya” kitabı oxuculara təbiətin bənzərsiz möcuzəsi olan “arı dünyası”, onun özünəməxsus yaşam tərzi barədə geniş və maraqlı bilgilər verir. Müəllifin təşəbbüsü ilə yaradılmış icma da arıçılıqla məşğul olanlar üçün əsl təcrübə mərkəzidir.
N.Bayramoğlu həm də bacarıqlı bağbandır. O, ailə üzvləri ilə birlikdə Bozdağın ətəklərində istifadəsiz qalmış 20 hektar sahədə bol məhsul verən meyvə bağı salmışdır. Burada 2 kəlbəcərli qaçqın ailəsinin yaşayışı üçün də şərait yaradılmışdır.
X X X
ƏLİLLƏR BAĞÇILIQ TƏSƏRRÜFATI YARATMIŞLAR
Şəhərdə yaşayan əlillər bağçılıqla məşğul olmaq üçün təsərrüfat yaratmışlar. Onlara şəhərin kənarında 20 hektar torpaq sahəsi ayrılmışdır.
Əlillərin bir qismi isə ticarət və məişət xidməti obyektlərində işə cəlb olunmuşdur. Əlillər günü ərəfəsində onlara 10 milyon manat yardım paylanmışdır.