Mingəçevir Yüksək Texnologiyalar Parkının ilkin təsərrüfat binasının layihəsi hazırlanıb
Bakı, 22 aprel, AZƏRTAC
Mingəçevirdə yaradılacaq Yüksək Texnologiyalar Parkının ilkin təsərrüfat binasının layihəsi hazırlanıb təsdiq edilib və yaxın müddətdə tikinti işlərinin başlanılması nəzərdə tutulur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, hazırda Parkın tikintisi məqsədilə ayrılmış ərazidə hazırlıq işləri aparılır. Parkın infrastrukturunun qurulması məqsədilə baş plan hazırlanır.
Bu ilin birinci rübündə Yüksək Texnologiyalar Parkında yaradılmış “PİCampus” Biznes İnkubasiya Mərkəzindən istifadə qaydaları təkmilləşdirilib. Mərkəzə layihələrin qəbulu üçün yeni “Google” platformalı onlayn ərizə-anket forması hazırlanıb və www.picampus.az ünvanında yerləşdirilib.
Hazırda İnkubasiya Mərkəzində 38 layihə fəaliyyətini davam etdirir. Həmçinin “YT Park” MMC Elmi-Texnoloji Parklar və İnnovativ Ərazilər üzrə Beynəlxalq Təşkilata (WTA) üzv qəbul olunub və təşkilatın müşahidəçi üzvü seçilib.
Azərbaycan Prezidentinin 2015-ci il 26 fevral tarixli Fərmanı ilə RYTN-in tabeliyində “YT Park” MMC-nin Mingəçevir şəhərində istifadəsində olan 1,3 hektar torpaq sahəsində Mingəçevir Yüksək Texnologiyalar Parkının yaradılması qərara alınıb. Park innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və ya təkmilləşdirilməsi məqsədi ilə elmi tədqiqatların və təcrübə-konstruktor işlərinin aparılması və onların nəticələrinin tətbiqi üzrə işləri həyata keçirəcək.