REGİONLAR
MİNGƏÇEVİRDƏ BAYRAM TƏDBİRLƏRİ
Dövlət müstəqilliyimizin 11 illiyi münasibətilə “Ana dili” abidəsi qarşısında ümumşəhər toplantısı və bayram şənliyi keçirilmişdir. Toplantıdan əvvəl şəhər ictimaiyyətinin nümayəndələri şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin ərazi bütövlüyü və dövlət müstəqilliyimizin qorunması uğrunda canlarını qurban vermiş igid vətən oğullarının məzarları üzərinə gül-çiçək dəstələri düzmüşlər.
Toplantıda çıxış edənlər xalqımızın milli azadlıq uğrunda mübarizəsindən, dövlət müstəqilliyimizin bərqərar olunması və möhkəmləndirilməsində Azərbaycan Prezidenti Heydər Əliyevin misilsiz xidmətlərindən danışmışlar. Sonra bədii özfəaliyyət kollektivləri geniş konsert proqramı ilə çıxış etmişlər.
Şəhərin bütün təhsil müəssisələrində və mədəniyyət evlərində əlamətdar bayrama həsr olunmuş ədəbi-bədii gecələr, Kür sahilində salınmış Heydər seyrəngahında gəzinti və musiqili-əyləncəli idman tədbirləri keçirilmişdir.
X X X
Milli müstəqillik günü və Mingəçevirin 54 yaşının tamam olması münasibətilə rəsm qalereyasında sərgi açılmışdır. Sərgidə əməkdar rəssamlar Mahmud Tağıyev və Ələkbər Rzaquliyevin Mingəçevirdəki ilk quruculuq illərini əks etdirən əsərləri nümayiş etdirilmişdir. İndiyədək BMT-nin Nyu-Yorkdakı iqamətgahında, dünyanın bir çox muzeylərində saxlanılan bu nadir əsərlər şəhər rəhbərliyinin təşəbbüsü ilə toplanıb doğma Mingəçevirə gətirilmişdir. 1950-ci illərdə Mingəçevirdə uzun illər ezamiyyədə olmuş hər iki rəssamın övladları sərgidə çıxış edərək, həmin əsərlərin taleyi ilə bağlı maraqlı məlumatlar vermişlər.