REGİONLAR
Mingəçevirdə su çərşənbəsi bayram ab-havasında qeyd edilib










Mingəçevir, 27 fevral, AZƏRTAC
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına uyğun olaraq Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Mingəçevirdə Su çərşənbəsi təntənə ilə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Kür çayının sahilində keçirilən tədbirdə milli adət-ənənələrimizi özündə cəmləşdirən Novruzun ilk çərşənbəsində qonaqlar və şəhər əhalisi əyləncəli vaxt keçiriblər.
Mingəçevir Dövlət Dram Teatrının təqdimatında nümayiş etdirilən tamaşa, çoxəsrlik maddi-mədəni irsimizi, milli ruhumuzu özündə əks etdirən əşyalar, milli oyunlar, ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqudun, kəndirbazların, “Teşti” və “Nargilə” folklor ansamblının, Novruzun əsas personajlarından olan Kosa və Keçəlin əyləncəli çıxışları, ebru sənətkarlığı, dulusçuluq nümunələri, əl işləri, milli mətbəxin dadlı təamları, çay dəstgahları ilə rənglənən bayram şənliyi böyük maraqla qarşılanıb. Tədbir boyunca regionun mədəniyyət müəssisələrinin əməkdaşlarının ifalarında səsləndirilən milli və bayram əhvali-ruhiyyəli musiqilər, musiqi məktəbinin müəllimlərinin xalq çalğı alətlərində çıxışları, uşaq incəsənət məktəbinin şagirdlərinin rəqs nömrələri bayramı daha da canlandırıb.