Mingəçevirlilər “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə kompleksini ziyarət etmişlər
Mingəçevir, 1 aprel (AZƏRTAC). 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Mingəçevirdə ümumşəhər tədbiri keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları “Azərbaycanlıların soyqırımı və deportasiyası” abidə kompleksinin önünə əklil və gül dəstələri düzmüş, şəhid soydaşlarımızın xatirəsini ehtiramla yad etmişlər. Mərasimdə çıxış edənlər xalqımızın tarixən qarşılaşdığı çətinliklərdən söhbət açmış, erməni millətçilərinin zaman-zaman Azərbaycan torpaqlarında törətdikləri qanlı cinayətləri yada salmışlar.
Bildirilmişdir ki, “böyük Ermənistan” yaratmaq kimi sərsəm xülya ilə yaşayan daşnaklar təkcə 1918-ci ilin mart qırğınları zamanı on minlərlə azərbaycanlını qəddarcasına qətlə yetirmiş, kənd və şəhərlərimizi viran qoyaraq tarixi abidələrimizi məhv etmişlər. Təəssüf ki, sovet hakimiyyəti illərində də imperiya rəhbərlərini ələ almağı bacaran ermənilər məkrli siyasətlərini davam etdirərək soydaşlarımızı bir neçə dəfə deportasiyaya məruz qoymuşlar. Xalqımızın başına gətirilən soyqırımı barədə həqiqətlər yalnız ümummilli lider Heydər Əliyevin qətiyyəti sayəsində üzə çıxarılmış, bu dəhşətli faciələrə hüquqi və siyasi qiymət verilmişdir.
İctimaiyyət nümayəndələri, Mingəçevirdə məskunlaşmış məcburi köçkünlər çıxış edərək erməni vandalizmini qətiyyətlə pisləmişlər. Onlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun çatdırılması üçün dövlətimizin və Heydər Əliyev Fondunun həyata keçirdiyi davamlı tədbirləri yüksək qiymətləndirmişlər.