MİQRASİYA SİYASƏTİ MÜZAKİRƏ EDİLDİ
Tbilisinin “Şeraton-Metexi-Palas” mehmanxanasında Cənubi Qafqaz ölkələrinin miqrasiya xidməti nümayəndələrinin seminarı keçirilmişdir.
Seminardan məqsəd Azərbaycan, Gürcüstan və Ermənistan hökumətlərinə qeyri-leqal miqrasiynın qarşısını almaq, leqal miqrantlara yardım göstərmək məsələlərini öyrənib müvafiq tövsiyələr hazırlamaqdan, nəzarətin yaxşılaşdırılması yolu ilə miqrasiya proseslərinin, ölkəyə gəliş-gediş vizaları, buraxılışlarla bağlı prosedurların daha səmərəli təmin olunmasında kömək etməkdən ibarət idi.
Seminarda Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan üzrə proqramının rəhbəri Əhməd Şirinov, sərhəd qoşunları komandanlığı nəzarət-buraxılış xidmətinin rəisi Akif Şəfiyev, Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin ikinci katibi Toğrul Sadıqov, Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsi rəisinin müavini, polis polkovniki Fəxrəddin Əliyev və başqaları çıxış edərək, belə bir tədbirin ilk dəfə məhz dövlətimizin rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə 2000-ci ilin aprelində Bakıda keçirildiyini vurğuladılar, miqrasiya sahəsində ölkəmizdə görülən işlərdən, sərhədlərimizdəki nəzarət-buraxılış məntəqələrinin müasir tələblərə cavab verən aparatlarla təmin olunduğundan danışdılar.
Beynəlxalq Miqrasiya Təşkilatı Azərbaycan ofisinin başçısı Yost Van der Aalst AZƏRTAC-ın müxbiri ilə müsahibəsində Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində bu sahədə, eləcə də viza və təlimçilər hazırlanması layihəsinin həyata keçirilməsi sahəsində görülmüş tədbirləri yüksək qiymətləndirərək dedi ki, miqrasiya proseslərinin tənzimlənməsi məsələsində ölkəmiz qonşularından çox-çox irəlidir, onun nümunəsi təqdirəlayiqdir.
Sonda seminar iştirakçıları müzakirələrə “dəyirmi masa” arxasında yekun vurdular.
Beynəlxalq Miqrasiya Təşkilatı tərəfindən təşkil olunmuş seminarı Kanada ekspertləri keçirmişlər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi