“Mir” telekanalında “Vo ves qolos” beynəlxalq musiqi layihəsi həyata keçiriləcək
Moskva, 26 oktyabr, AZƏRTAC
Noyabrın 12-də “Mir” telekanalında “Vo ves qolos” beynəlxalq musiqi layihəsinə start veriləcək. Azərbaycan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Tacikistan və Ermənistandan olan gənc ifaçılar özlərinin vokal ustalıqlarını və artistlik istedadlarını nümayiş etdirəcəklər.
Komandalar 13-17 yaşlı istedadlı yeniyetmələrdən ibarətdir. Komandaların ulduz himayəçiləri - iştirakçı ölkələrin nümayəndələri Mark Tişman (Rusiya), Emil Qədirov (Azərbaycan), Arsenium (Moldova), Alisa Daneliya (Gürcüstan), Marqarita Pozoyan (Ermənistan), Zəfər Əbdülhəlimov (Tacikistan), Ruslan Alexno (Belarus) və Mədinə Sadvakasova (Qazaxıstan) iki ay ərzində qızğın mübarizə aparan gənc vokalçıların diqqətlə izləyəcəklər.
Layihənin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan komandasının rəhbəri Emil Qədirov bu müsabiqədən nə gözlədiyini və artist üçün nəyi daha vacib hesab etdiyini söyləyib.
Emil Qədirov deyib: “Mən komanda rəhbəri qismində ilk dəfə çıxış edəcəyəm. Alla Borisovna Puqaçovanın emalatxanasında ustad dərsləri keçərkən bir qədər təcrübə toplamışam, lakin bu, tamam fərqli, möhtəşəm musiqi layihəsi olacaq. Məncə, uşaqlarla işləmək asan olmayacaq, axı onlar hələ son dərəcə səmimidirlər və hər hansı xırda nöqsana görə ciddi narahat olurlar”.
E.Qədirovun fikrincə, uşaqlar üçün ən mürəkkəb məqam çəkiliş rejimi olacaq. O deyir: “Biz - yaşlılar buna artıq adət etmişik, uşaqlar üçün isə bu həm mənəvi, həm də psixoloji baxımdan çətin olacaq. Mən onların əvəzinə çox narahat olacam, ona görə ki, belə vokal müsabiqələrində hər hansı amil həm müsbət, həm də mənfi təsir göstərə bilər”.
Emil Qədirov əmindir: “Bir qədər bayağı səslənsə də, deməliyəm ki, uşaqlarla iş zamanı ən vacib məsələ onların “damarını tutmaqdır”. Uşaqlar eyni olmur. Birisi həddən artıq fəal və özündənrazı, bir başqası isə sakit və təvazökar ola bilər. Bu ovqatı tutmağı bacarmaq lazımdır. Mən uşaqlarla ünsiyyətdə həmişə onlarla yaşlı insanlar kimi danışmağa çalışıram. Hər şeyi olduğu kimi demək lazımdır. Bəzən çox ciddi, bəzən isə mülayim mövqe tutmaq olar, amma mahiyyəti demək lazımdır. Onlara ciddi təzyiq göstərsən və ya əksinə, zəiflik etsən, heç nə alınmayacaq”.
“Vo ves qolos” beynəlxalq musiqi müsabiqəsində MDB üzvü olan 7 ölkəni və Gürcüstanı təmsil edən ifaçılar iştirak edəcəklər.
Layihə səkkiz konsertdən ibarətdir. Birinci konsertdə iştirakçı komandalar bir-biri ilə tanış olacaq, özlərini təqdim edəcəklər. Hər komanda iki solo ifaçıdan və ansambldan ibarətdir. Tamaşaçılar məhz birinci çıxış zamanı gələcək sınaqların Rusiya televiziyası üçün qeyri-adi sayılan formatı ilə tanış ola biləcəklər. Müsabiqənin prinsipi tamaşaçıları iştirakçı ölkələrin populyar musiqisi ilə tanış etməkdir. Bütün layihə müddətində tamaşaçılar həm xalq musiqisini, həm də “Mir” telekanalının səhnəsində ifa edilmək üçün komanda rəhbərlərinin öz yetirmələri ilə birlikdə seçdikləri estrada hitlərini dinləyəcəklər.
Tamaşaçılar “Vo ves qolos” beynəlxalq televiziya musiqi müsabiqəsində hansı komandanın qalib gəldiyini 2017-ci ilin son saatlarında biləcəklər. Burada vurğulamaq lazımdır ki, müsabiqənin qalibi bir nəfər deyil, bütöv bir komanda olacaq. Qalib gəlmək əzmi sayəsində uşaqlar birgə işləməyi və həqiqətən bütöv bir ölkəni təmsil edən əsl komandaya çevrilməyi öyrənəcəklər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva