“MİRZƏ ƏLƏKBƏR SABİR ŞEİRİNİN QAFİYƏ LÜĞƏTİ” KİTABININ TƏQDİMATI
Tədbiri birliyin katibi, xalq şairi Fikrət Qoca açaraq, mərhum alimin Şərq, eləcə də Azərbaycan ədəbiyyatşünaslığındakı əvəzsiz xidmətlərindən danışmış, şərqşünaslar arasında böyük hörmət və nüfuz sahibi olduğunu vurğulamışdır.
Xalq şairləri Qabil, Sabir Rüstəmxanlı, filologiya elmləri doktoru Tərlan Quliyev, yazıçı-publisist İntiqam Mehdizadə və başqaları bildirmişlər ki, çoxlarının “canlı ensiklopediya” adlandırdığı Əkrəm müəllimin anadan olmasının 100 illiyi münasibətilə nəşr edilən bu kitab ötən əsrin 70-ci illərinin sonunda qələmə alınmışdır. Uzun illərin elmi axtarışlarının məhsulu kimi, Yaxın və Orta Şərqdə ilk dəfə belə bir kitabın işıq üzü görməsini görkəmli alimin şəxsində Azərbaycan şərqşünaslığının böyük nailiyyəti kimi qiymətləndirən natiqlər diqqətə çatdırmışlar ki, iki hissədən ibarət kitabın birinci hissəsində müəllif qafiyə lüğətşünaslığının tarixindən, Avropa xalqlarının XVI əsrdən başlayaraq, bu sahədəki təcrübəsindən söz açır. Qafiyə-beyt, misra, rədif qrammatik formalar kontekstində araşdırılır. Əsərin ikinci hissəsini isə, bütünlükdə Sabirin “Hophopnamə”sinin qafiyə lüğəti təşkil edir.
Tədbirdə alimin bu mövzu ilə bağlı Sabir şeirinə müraciət etməsi onun həm də şairə böyük ehtiramı kimi dəyərləndirilmişdir.
Axırda Sokrat Cəfər atasının xatirəsinə göstərdikləri diqqət və ehtirama görə tədbirin təşkilatçısı Yazıçılar Birliyinə və iştirakçılarına minnətdarlığını bildirmişdir.