SİYASƏT
Misir Xarici Əlaqələr Şurasının üzvü: Ermənistan minaladığı ərazilərin xəritələrini təqdim etməyə borcludur
Qahirə, 12 iyun, AZƏRTAC
Azərbaycanlı jurnalistlərin minaya düşərək həlak olması xəbəri məni sarsıtdı. Silahlı münaqişə zonalarında, müharibələrdə media nümayəndələri ən müdafiəsiz insanlardır. Hər hansı münaqişə tərəfinin törətdiyi vəhşilikləri dünya ictimaiyyətinə obyektiv şəkildə çatdıran jurnalistlər müqəddəs missiya yerinə yetirirlər və təəssüf ki, çox vaxt hədəfə çevrilirlər. Azərbaycan Dövlət İnformasiya Agentliyinin və Azərbaycan Televiziyasının əməkdaşlarının peşə fəaliyyətini yerinə yetirərkən düşmənin minaladığı ərazidə həlak olmaları da bu qəbildəndir. Əslində, bu şəhid jurnalistlərin fəaliyyəti qəhrəmanlıq nümunəsidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Misir Xarici Əlaqələr Şurasının üzvü, Qahirə Universitetinin Rusiya Araşdırmalar Mərkəzinin direktoru, professor Nurhan əl-Şeyx söyləyib.
O qeyd edib ki, ötən ilin noyabrında Rusiyanın vasitəçiliyi ilə imzalanan Bəyanatdan sonra Cənubi Qafqaz regionunda sülhün və sabitliyin bərqərar olmasına böyük ümidlər yarandı. Azərbaycan Prezidenti, qalib Ordunun Ali Baş Komandanı çıxışlarında regionda yeni geosiyasi şəraitin yarandığını bildirib, kommunikasiyaların açılması və yeni infrastruktur layihələrinin həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Ermənistan yaranmış bu imkanlardan istifadə etməli, qonşuları ilə dinc yanaşı yaşamağı öyrənməlidir. O, ilk növbədə, mülki şəxslərin, o cümlədən jurnalistlərin həlak olmasına və yaralanmasına səbəb olan minalanmış ərazilərin xəritələrini təqdim etməklə səmimi məramını nümayiş etdirməlidir. Beynəlxalq hüquqa görə, müharibə başa çatdıqdan sonra Ermənistan bunu etməyə borcludur. Regionda yeni münasibətlərin formalaşması, sülh, təhlükəsizik və rifah ermənilərin də marağına uyğundur.
Misirli professor əlavə edib ki, beynəlxalq təşkilatlar, xüsusən hüquq müdafiəçiləri azərbaycanlı jurnalistlərin həlak olması ilə bağlı daha sərt mövqe nümayiş etdirməlidirlər. Nurhan əl-Şeyx açıqlamasının sonunda deyib: “Peşə fəaliyyətini yerinə yetirən jurnalistlər bir daha silahların, minaların və bombaların qurbanına çevrilməməli, biz hamılıqla bunun qarşısını almalıyıq. Həlak olan jurnalistlərin ailə üzvlərinə, AZƏRTAC və Azərbaycan Televiziyasının kollektivlərinə dərin hüznlə başsağlığı verirəm”.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə