Misirin internet qəzeti Milli Məclisin deputatının məqaləsini yayıb

Qahirə, 16 sentyabr, AZƏRTAC
Misirin “Aldiplomasy” internet qəzeti Milli Məclisin deputatı, İslam Həmrəyliyi İdman Federasiyası İcraiyyə Komitəsinin üzvü Könül Nurullayevanın “Prezident İlham Əliyev müsəlman dünyasına müraciət edib: Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə İslam dünyasına qarşı cinayət törədib” sərlövhəli məqaləsini ərəb, ingilis və fransız dillərində yayıb.
AZƏRTAC xəbər verir ki, məqalədə Misir ictimaiyyətinin diqqətinə dövlətimizin başçısının İran səfirinin etimadnaməsini qəbul edərkən Ermənistanın işğalçı siyasəti haqqında söylədiyi fikirlər çatdırılır. Qeyd olunur ki, Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı təcavüzünün davam etdiyini, bu təcavüz nəticəsində torpaqlarımızın təxminən 20 faizinin işğal altına düşdüyünü bildirib. O vurğulayıb ki, Azərbaycan vətəndaşlarının qaçqın-köçkün vəziyyətinə düşməsi məhz bu işğalın nəticəsidir. Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılıb, Xocalı soyqırımı törədilib. Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb. Dini abidələrimiz təhqir edilib. İşğal edilmiş ərazilərdə məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar. Bu çirkin əməlləri əks etdirən bir çox video və foto sənədlər, sübutlar vardır. Onları internetdə tapmaq olar. Bu, təkcə bizə qarşı yox, bütün müsəlman dünyasına qarşı edilən cinayətdir.
Məqalədə Ermənistanın təcavüzü nəticəsində Azərbaycana vurulan maddi zərərdən, İslam dünyasının maddi-mənəvi sərvəti olan tarixi abidələrimizin dağıdılması konkret faktlar əsasında oxucuların diqqətinə çatdırılır. Vurğulanır ki, Azərbaycanın işğal olunmuş ərazilərində tarix-mədəniyyət abidələrinin məhv edilməsi 1954-cü il Haaqa Konvensiyası, arxeoloji irsin mühafizəsi haqqında 1992-ci il Avropa Konvensiyası və dünya mədəni və təbii irsinin qorunmasına dair UNESCO-nun 1972-ci il Konvensiyasının müddəalarına ziddir.
Müəllif vurğulayır ki, Prezident İlham Əliyev Azərbaycanın İslam həmrəyliyinin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyini və böyük səylər göstərdiyini bəyan edib. Dövlətimizin başçısı onu da əlavə edib ki, Azərbaycan İslam aləminin birləşməsi və bəzi ölkələr arasında mövcud olan problemlərin həlli istiqamətində hər zaman öz əlavə səylərini göstərməyə hazırdır.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə