SİYASƏT
Misirin “Kanal-2” televiziya kanalının tamaşaçıları Azərbaycan reallıqları haqqında məlumatlandırılmışlar
Qahirə, 3 iyul (AZƏRTAC). Misirin geniş tamaşaçı auditoriyasına malik “Kanal-2” televiziya kanalı Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin müsahibəsini yayımlamışdır.
Misir-Azərbaycan münasibətlərindən danışan səfir əlaqələrin yaxşı səviyyədə olduğunu bildirmişdir. O, 1993-cü ildə Misirin Azərbaycanda, 1994-cü ildə isə Azərbaycanın Misirdə səfirliklərinin açıldığını bildirmiş, ikitərəfli və çoxtərəfli əlaqələrin səviyyəsinin məmnunluq doğurduğunu vurğulamışdır. Misir və Azərbaycan arasında son illərdə iqtisadi, xüsusilə enerji sahəsində əməkdaşlığın inkişaf etdiyini söyləyən səfir Azərbaycandan Misirə neft və neft məhsullarının ixrac olunduğunu diqqətə çatdırmışdır.
Ş.Abdullayev Azərbaycanın Misir ilə turizm sahəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini qeyd etmiş, ölkəmizin turizm imkanları, o cümlədən qış turizmi, müalicəvi palçıq və neft haqqında danışmışdır. Səfir ölkələrimiz arasında turizm sahəsində əməkdaşlığın inkişafı üçün birbaşa hava reysinin açılması məsələsinin gündəmdə olduğunu vurğulamışdır.
Diplomat Azərbaycanın Misirin beynəlxalq iqtisadi layihələrində iştirak etməkdə maraqlı olduğunu qeyd etmişdir. O, Azərbaycanın həm investisiya yatırılan, həm də yatıran ölkə olduğunu diqqətə çatdırmışdır. Ölkəmizin Şərqi Avropa dövlətlərinə, həmçinin Türkiyə, Gürcüstan və Rusiyaya investisiyalar qoyması ilə bağlı məlumat tamaşaçıların diqqətinə çatdırılmışdır.
Azərbaycanın iqtisadi sahədə əldə etdiyi nailiyyətlərdən söhbət açan səfir son səkkiz ildə yoxsulluq həddinin 49 faizdən 5 faizə düşdüyünü bildirmiş, bunun əsas səbəbinin Azərbaycanın neft və qaz ölkəsi olmaqla yanaşı, burada düzgün idarəçilik sisteminin formalaşdırılması ilə əlaqədar olduğunu demişdir. Həmçinin bu inkişafın əmin-amanlığın və sabitliyin qorunması nəticəsində mümkün olduğunu vurğulamışdır.
Səfir enerji sahəsindən əldə olunan gəlirlərin qeyri-neft sektoruna yönəldilməsi və həmin sahənin, xüsusilə də səhiyyənin və təhsilin inkişaf etdirilməsi, xaricdə təhsil almaq üçün dövlət proqramlarının həyata keçirilməsi barədə danışmışdır.
Ş.Abdullayev Azərbaycanın əsas problemi sayılan və ümumiyyətlə region üçün böyük təhlükə mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunmuşdur. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu söyləyən diplomat həmin torpaqlarda Ermənistanın etnik təmizləmə siyasəti apardığını, mədəni və tarixi abidələrin dağıdıldığını, işğal nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini diqqətə çatdırmışdır. O, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini, lakin Ermənistanın həmin qətnamələrə indiyədək məhəl qoymadığını qeyd etmişdir.
Azərbaycanın İslam dünyasının ayrılmaz hissəsi olduğunu vurğulayan səfir ölkənin Ramazanla bağlı adət-ənənələri barədə də məlumat vermişdir.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə