Misirli professor Azərbaycanda münbit investisiya mühitindən yazıb
Qahirə, 23 dekabr, AZƏRTAC
Misirin Helvan Universitetinin professoru, Misir-Azərbaycan Dostluq Cəmiyyətinin sədr müavini Adil Dərviş “Qlobal Economy” nəşrində Azərbaycanda münbit investisiya mühiti haqqında məqalə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, hazırda əlverişli geosiyasi mövqeyə malik olan Azərbaycanın Şərqlə Qərbi birləşdirən Böyük İpək yolunun mərkəzində yerləşdiyini, zəngin yeraltı sərvətləri və mükəmməl nəqliyyat infrastrukturu olduğunu diqqətə çatdıran müəllif, eyni zamanda, ölkəmizin xarici investorlar üçün də yaxşı imkanlar yaratdığını diqqətə çatdırıb. Müəllif qeyd edib ki, Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik hesabatında 144 ölkə arasında 33-cü yeri tutan Azərbaycan, həmçinin yeni regional reallıqlar fonunda daha cəlbedici olub. “Bu ölkədə investorların hüquqları beynəlxalq qanunlar və yerli qanunvericiliklə qorunur, onlara bir sıra vergi güzəştləri tətbiq edilir. Azərbaycanın 158 ölkə ilə diplomatik münasibətləri var, eyni zamanda, 38 beynəlxalq təşkilatın üzvü və Qoşulmama Hərəkatının sədridir. Uğurlu iqtisadi islahatlar həyata keçirən bu ölkədə xarici iş adamları və şirkətlər, o cümlədən ərəb biznesmenləri üçün böyük investisiya potensialı mövcuddur. Artıq bu proses sürətlə davam edir və Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliklərinin nəhəng şirkətləri azərbaycanlı həmkarları ilə iri transmilli layihələr, xüsusən zamanın tələbi olan bərpa olunan enerji istehsalı üzrə proqramlar həyata keçirir. Bununla yanaşı, sənayeyə və aqrar sektora qoyulan sərmayələrə geniş imkanlar yaradan Azərbaycan hökuməti, ərəb iş adamlarının bu sahələrə daha böyük həcmdə investisiyalarının cəlbində maraqlıdır”, - deyə misirli professor vurğulayıb.
A.Dərviş qeyd edib ki, ərəb biznesmenləri Azərbaycanın turizm sektorunda da birgə layihələr həyata keçirə və daha bir perspektivli sahə olan daşınmaz əmlak bazarında fəal iştirak edə bilərlər.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə