“Mobility-10” müsabiqəsinin iştirakçısı elmi ezamiyyətdə
Bakı, 6 oktyabr, AZƏRTAC
Azərbaycan Elm Fondu (AEF) tərəfindən elan olunmuş “Mobility-10” müsabiqəsinin iştirakçısı AMEA, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Eksperimental arxeoloji laboratoriyasının rəhbəri və həmin institutun dissertantı Əjdər Babazadə “Arxeologiya elmi sahəsində eksperimental və traseoloji tədqiqatlar üzrə təcrübə və nəzəri biliklərin qazanılması və artırılması” layihəsi ilə qalib gəlib.
AEF-dən AZƏRTAC-a bildirilib ki, Əjdər Babazadə layihə çərçivəsində, Almaniyanın TraCEr laboratoriyasına (Traseologiya və Nəzarətli Eksperimentlər Laboratoriyası | MONREPOS Arxeoloji Tədqiqat Mərkəzi və İnsan Davranış Təkamülü Muzeyi | Neuwied, Reynland-Pfalz) sentyabrın 27-dən oktyabrın 26-dək ezam olunub.
Müasir qərb arxeologiyası, ən vacib tədqiqat sahələrindən biri arxeoloji qazıntılar sahəsində əldə olunan artefaktların qədim dövrlərdə hazırlanma və istifadə texnologiyasının makro və mikroanalizləri, onların eksperimental tədqiqi, stratiqrafik, kontekstual və fotometrik olaraq rəqəmsal ölçüləri, təsvirləri, statistik təhlilləri, arxeoloji materialların üzərində qalıq və istifadə izləri analizləri və s. araşdırmalar TraCEr laboratoriyasında aparılır.
Qeyd edək ki, TraCEr laboratoriyası, arxeoloji aşınma və qalıq analizləri üzrə yeganə cəmiyyət olan AWRANA-nın (Association of Archaeological Wear and Residue Analysts) üzvü və əsas tərəfdaşlarından biri olmaqla, dünyada çox nadir arxeoloji laboratoriyalardan biridir. Burada mikroskopik-traseoloji və eksperimental analiz araşdırmaları birgə aparılır. Eyni zamanda, xammal qaynaqlarının fiziki tərkibini və eksperimental çalışmaları test etmək üçün robotdan da istifadə edilir. Belə ki, uzaq və yaxın əcdadlarımızın iqtisadi modelləri, sosial-mədəni yaşayış tərzlərini öyrənir, alət texnoloji təkamülü dərk etmək və onların həyatda qalma mübarizəsində yer alan alət çantasını ən müasir metod və texnoloji cihazlarla təhlili aparılır.
Əjdər Babazadə TraCEr laboratoriyasının imkanlarından istifadə edərək Qarabağın Paleolit dövrü əmək alətlərinin texnotipologiyası üzərində dissertasiya işini hazırlayır.
Qeyd edək ki, təcrübə proqramının məqsədi, sadalanan arxeoloji araşdırmaların aparılması üçün AWRANA üzvü olan laboratoriyalar, xüsusən də TraCEr laboratoriyası modelində Azərbaycanda traseoloji və eksperimental arxeoloji laboratoriya qurmaq və inkişaf etdirməkdir.