Moldova millisinin baş məşqçisi: Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq
Bakı, 10 mart, AZƏRTAC
Görüş bizim üçün çox çətin oldu. Rəqibimiz də bu gün ən yaxşı oyunlarından birini keçirdi.
AZƏRTAC xəbər verir ki, bunu Avropa çempionatının seçmə mərhələsi çərçivəsində səfərdə Moldova yığmasını məğlub edən futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio De Silva matçdan sonra keçirilən mətbuat konfransında deyib.
Braziliyalı mütəxəssis bildirib ki, çoxlu səhvlərə yol verdik. Hətta buna görə məğlub da ola bilərdik. Müəyyən epizodlarda bəxtimiz gətirdi. Təbii ki, oyunu təhlil edəcəyik, zəif çıxışımızın səbəbini aydınlaşdıracağıq. Sevinməli tərəf nəticə ilə bağlıdır. Ən azı vacib olan 3 xalı əldə etdik.
Moldova millisinin baş məşqçisi Vladimir Vusatıy deyib: “Dünyanın ən yaxşı komandalarından birinə qarşı oynadıq. Bu görüşdə yaxşı nəticə əldə etmək üçün çoxlu məşqlər etmişdik. Həqiqətən də Avropa çempionatının final mərhələsində mütəmadi çıxış edən komandaya qarşı oyun planında yaxşı təsir bağışladıq. Çox istəkli idik, fiziki və funksional olaraq tapşırıqları yerinə yetirdik. Ancaq xırda nüanslar çatmadı ki, bu əziyyətimizi qələbəyə çevirək”.
Qeyd edək ki, Moldova-Azərbaycan oyunu 5:3 hesabı ilə millimizin xeyrinə başa çatıb. Bu qələbədən sonra xallarını 12-yə çatdıran Joze Alesio da Silvanın başçılıq etdiyi kollektiv liderliyini daha da möhkəmlədib və sona 2 tur qalmış final mərhələsinə vəsiqəni böyük ölçüdə təmin edib. Moldova isə 4 xalla 3-cü pillədə qərarlaşıb. Bu qrupdakı digər komandalardan Slovakiya 7 xalla 2-ci, xalı olmayan Yunanıstan isə sonuncudur.