DÜNYA
Moldova MSK Maya Sandunun ölkə prezidenti vəzifəsinə mandatını təsdiq edib
Kişineu, 9 noyabr, AZƏRTAC
Moldova Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Moldovada noyabrın 3-də keçirilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) üzvləri Fəaliyyət və Həmrəylik Partiyasının (PA) namizədi, hazırkı prezident Maya Sandunun qələbəsini və dövlət başçısı kimi yeni mandat almasını təsdiq edən protokolu imzalayıblar.
MSK-nın sədri Anjelika Karamanın sözlərinə görə, seçkilərin ikinci turunda ən çox səs toplayan namizəd Maya Sandu ölkə prezidenti seçilib. Maya Sandu 930 min 139 səs, solçuların namizədi isə Aleksanda Stoyanoqlo 750 min 430 səs toplayıb. 20 mindən çox bülleten etibarsız sayılıb.
Əsas seçici siyahılarına daxil edilmiş 2,7 milyondan çox seçicidən 1,7 milyon vətəndaş səs verib.
MSK-nın qərarı seçkilərin nəticələrini təsdiq etmək və Maya Sandunun prezidentlik mandatını təsdiqləmək üçün Konstitusiya Məhkəməsinə göndəriləcək.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu