SİYASƏT
Moldovanın “Kommersant info” qəzetinin xüsusi buraxılışı Azərbaycana həsr edilib
AZƏRTAC xəbər verir ki, xüsusi buraxılışda Prezident İlham Əliyevin “The Business Year” jurnalına müsahibəsi, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətinə dair yazılar, 2015-ci ildə ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarına hazırlığın vəziyyəti, Bakıdakı qədim binaların, memarlıq abidələrinin, həmçinin yeni tikililərin fotoları yer alıb.
Qəzetin təsisçisi və baş redaktoru Robert Lvoviç Zapadinski Bakıda gördüyü möhtəşəm yeniliklərdən və inkişafdan heyran qaldığını bildirərək yazır: “Mən gənc yaşlarımdan Azərbaycan xalqının böyük siyasi və dövlət xadimi Heydər Əliyevin vurğunu olmuşam, bunu yazılarımda dəfələrlə konkret faktlarla qeyd etmişəm. Bakıya ikinci səfərim zamanı Azərbaycanın əldə etdiyi uğurların, ölkənin hərtərəfli tərəqqisinin, paytaxtın müasir Avropa meqapolislərindən birinə çevrilməsinin bir daha əyani şahidi oldum”.
Müəllif yazır ki, 60-dan çox ölkədən 500-ə yaxın yüksək səviyyəli dövlət, hökumət nümayəndəsini, elm, mədəniyyət xadimini, eksperti bir araya toplayaraq müasir dünyanın qlobal problemlərinin müzakirəsini aparmaq yalnız Prezident İlham Əliyev kimi güclü siyasi iradəyə, iti ağıla, uzaqgörən zəkaya malik siyasətçinin sayəsində mümkün ola bilər.
Moldovalı jurnalist Azərbaycanda bir çox yeni qurumların yaradılmasının, köhnələrinin isə yeni dövrə uyğun formalaşdırılmasının təqdirəlayiq olduğunu diqqətə çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AZƏRTAC kimi qurumların əhalinin maariflənməsində, informasiya təminatında mühüm rol oynadığını misal kimi göstərib.
Jurnalist qəzetin növbəti saylarında da Bakı və Beynəlxalq Humanitar Forum haqqında özünün və səfər yoldaşlarının təəssüratlarını dərc edəcəyini bildirib.