Molla Pənah Vaqif erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının yaradıcısıdır
Bakı, 7 aprel, AZƏRTAC
Molla Pənah Vaqif erkən yeni dövr Azərbaycan realist ədəbiyyatının yaradıcısıdır. Vaqifin pоеziya dilimizə gətirdiyi yеniliklər şеirimizin inkişafı üçün əsas zəmin оlub. Realist şеirin ilk nümunələri Molla Pənahın adı ilə bağlıdır. Şairin “Görmədim” müxəmməsi Azərbaycan tənqidi realizminin ən dəyərli nümunələrindəndir. O, Məhəmməd Füzulidən sonrakı, Mirzə Fətəli Axundzadədən əvvəlki dövr Azərbaycan ədəbiyyatının ən görkəmli nümayəndəsidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər aprelin 7-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat İnstitutunda “Molla Pənah Vaqif və Azərbaycan realizmi” mövzusunda keçirilən elmi sessiyada səsləndirilib.
Tədbirdə institutun direktoru, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, sessiya Prezident İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 2017-ci il 12 yanvar tarixli Sərəncamının icrası ilə əlaqədar təşkil olunub. Akademik bu Sərəncamın, həmçinin şairin adının UNESCO-nun “2016-2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı”na daxil edilməsinin Azərbaycan ədəbiyyatına verilən yüksək dəyər olduğunu deyib. Vaqifin yaradıcılığını müasir aspektdən şərh edən İ.Həbibbəyli vurğulayıb ki, dahi söz ustadının bir çox şeirləri bu gün də aktuallığını qoruyub saxlayır. Qeyd olunub ki, böyük şair dilimizi ərəb, fars tərkiblərindən təmizləyərək canlı xalq dilinin оbrazlı ifadələrindən istifadə еtməklə sadələşdirib və zənginləşdirib. Böyük şairimiz Azərbaycan ədəbi dilinin inkişafına misilsiz töhfələr verib. Molla Pənah Vaqif yaradıcılığının kifayət qədər tədqiq olunduğunu bildirən İ.Həbibbəyli diqqətə çatdırıb ki, onun zəngin bədii irsinin öyrənilməsinə yenə də ehtiyac var. Ədəbiyyat İnstitunda yaradılmış erkən yeni dövr Azərbaycan ədəbəiyyatı şöbəsi 2017-2018-ci illərdə Vaqif irsinin araşdırılması ilə məşğul olacaq. Elmi sessiyada XVIII əsrin qüdrətli Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim M.P.Vaqifin həyat yolundan söhbət açılıb, yaradıcılığı geniş aspektdə təhlil edilib. İnstitutun şöbə müdirləri, filologiya elmləri doktoru Mahirə Quliyevanın “Vaqif yaradıcılığı aşıq ədəbiyyatı ilə klassik poeziyanın qovşağında” və professor Şirindil Alışanlının “Molla Pənah Vaqif və Səməd Vurğun”, elmi katib, dosent Aygün Bağırlının “Azərbaycan ədəbiyyatında Molla Pənah Vaqifin bədii obrazı”, kiçik elmi işçi Şəfəq Tağıyevanın “Vaqif lirikasında klassik ənənələrin təzahür formaları” mövzusunda məruzələri dinlənilib.
Çıxışlarda orta əsrlər ənənələri ruhunda, eləcə də realist üslubda şeirlər yazan M.P.Vaqifin yaradıcılığının milli poeziyamızın gələcək inkişafına böyük təsir göstədiyi vurğulanıb.