Monqolustan və Azərbaycan arxeoloqları birgə elmi tədqiqatlar aparacaqlar
Bakı, 4 iyun, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunda Monqolustan Elmlər Akademiyasının (MEA) prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, institutun direktoru, tarix üzrə elmlər doktoru, professor Maisə Rəhimova rəhbərlik etdiyi müəssisədə son illər aparılan tədqiqatlar və əldə olunan elmi nailiyyətlər barədə məlumat verib. M.Rəhimova vurğulayıb ki, Prezident İlham Əliyevin respublikada elmin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində, həmçinin aparılan iqtisadi və quruculuq işləri nəticəsində Azərbaycan əcnəbi arxeoloqlar üçün cəlbedici olub. Nəticədə respublika ərazisində son illər ABŞ, Fransa, Almaniya, Yaponiya, Koreya Respublikası və digər ölkələrin tədqiqatçıları ilə birgə beynəlxalq ekspedisiyalar fəaliyyət göstərir.
Akademik D.Reqdel Azərbaycanın arxeoloq alimləri ilə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib.
MEA-nın Tarix və Arxeologiya İnstitutunun direktoru, professor Çuluun Sampildondov rəhbərlik etdiyi müəssisənin fəaliyyət istiqamətləri, beynəlxalq əlaqələri və Monqolustan ərazisində aparılan arxeoloji tədqiqatlardan danışıb.
Daha sonra Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı beynəlxalq layihə çərçivəsində Monqolustanda apardığı arxeoloji tədqiqatlardan bəhs edib.
Görüşdə gələcəkdə birgə arxeoloji və etnoqrafik tədqiqatlar sahəsində əməkdaşlıq barədə ümumi razılığa gəlinib. MEA nümayəndə heyəti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi arasında elmi nəşrlərin mübadiləsi aparılıb.