Monteneqroda Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilmişdir
Bakı, 26 fevral (AZƏRTAC). Monteneqronun paytaxtı Podqoritsa şəhərində fəaliyyət göstərən və ölkənin müxtəlif bölgələrindən tələbələrin təhsil aldığı Mehmet Fateh Ali təhsil müəssisəsində Azərbaycanın Monteneqrodakı diplomatik nümayəndəliyi tərəfindən Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş geniş tədbir keçirilmişdir.
Diplomatik nümayəndəlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinin yerlə-yeksan edildiyi, dinc əhalinin - uşaqların, qadınların, qocaların kütləvi qətliama məruz qaldığı, xüsusi amansızlıqla və vəhşiliklə qətlə yetirildiyi haqqında ətraflı məlumat verilmişdir. Dünyanın gözü qarşısında baş vermiş bu soyqırıma, Azərbaycan xalqına və bəşəriyyətə qarşı törədilmiş cinayətə beynəlxalq təşkilatların və digər xalqların biganə qalmamasına çağırış edilmiş və erməni millətçilərinin vəhşilikləri və Ermənistanın təcavüzkar siyasəti birmənalı şəkildə pislənilmişdir.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən petisiya haqqında geniş məlumat verilmişdir.
Sonra Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilmişdir.
“İRS” jurnalının Xocalı soyqırımına həsr olunmuş xüsusi buraxılışının nüsxələri və monteneqro dilinə tərcümə edilmiş “Xocalı soyqırımının 21-ci ildönümü münasibətilə Xocalı əhalisinin dünya xalqlarına, Birləşmiş Millətlər Təşkilatına, Avropa Şurasına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciəti” tədbir iştirakçılarına paylanmışdır.
Tədbir Monteneqronun “Atlas” televiziyasının xəbərlər proqramında və “Pobjeda” qəzetində işıqlandırılmışdır.