“MOSKVA MEHMANXANASI” ASC-YƏ 157 MİLYONABŞ DOLLARI HƏCMİNDƏ SƏRMAYƏ QOYULACAQDIR
Müsabiqə keçirilərkən iddiaçılar qarşısında beynəlxalq standartlara cavab verən mehmanxana biznesinin inkişafı məqsədi ilə müasir tələblərə uyğun mehmanxana xidmətlərinin təşkili, yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılması kimi məsələlərin həllini özündə əks etdirən təkliflərin verilməsinə dair şərtlər qoyulmuşdu.
“AZİNKO HOLDİNG” MMC təqdim etdiyi investisiya proqramına əsasən, 4 il ərzində “Moskva mehmanxanası” ASC-yə 157 milyon ABŞ dolları məbləğində sərmayə qoyulmasına dair öhdəlik götürmüşdür. Bunun nəticəsində mövcud binanın beynəlxalq norma və standartlara cavab verən 37 mərtəbəli müasir mehmanxana kompleksinə çevrilməsi nəzərdə tutulmuşdur. Burada müasir avadanlıq və kommunikasiyalarla təchiz olunmuş 500 qonaq otağı, idman, sağlamlıq və biznes mərkəzləri, müxtəlif ofislər, konfrans, banket, istirahət və oyun zalları, restoranlar, eləcə də 50 avtomobil üçün yeraltı dayanacaq sahəsinə malik müasir tipli mehmanxana kompleksi yaradılacaqdır.
Bundan əlavə, ilk dörd ilə 300 yeni iş yerinin açılması, işçilərin orta aylıq əmək haqqının 300 manatadək artırılması, həmçinin onların hər növbədə nahar yeməyi ilə təmin edilməsi və bayramlarda mükafatlandırılması da nəzərdə tutulmuşdur.
Mehmanxanada istifadəyə veriləcək idman və sağlamlıq mərkəzində əlillərə, tələbələrə və məcburi köçkün ailələrinin üzvlərinə güzəştlər tətbiq ediləcək, bir neçə qaçqın və məcburi köçkün ailəsi himayəyə götürüləcək, eləcə də müharibə əlillərinə və valideyn himayəsindən məhrum uşaqlara maddi yardımlar göstəriləcəkdir.